Rotterdam limanı NATO-nun hərbi yüklərini qəbul etməyə hazırlaşır – təlimlər keçiriləcək- ÖZƏL
10:37 DünyaAvropanın ən böyük limanı olan Rotterdamda NATO-nun hərbi yüklərinin qəbuluna dair təlimlər keçiriləcək. Olaylar.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat yayıb.
Rotterdam limanının idarəedici şirkətinin rəhbəri Boduen Simons bildirib ki, liman hərbi yüklərin qəbulu üzrə planlarını Belçikanın Antverpen limanı ilə koordinasiya edir. Onun sözlərinə görə, hər bir terminal belə yükləri qəbul etməyə uyğun deyil. "Əgər böyük həcmdə hərbi yüklərin daşınmasına ehtiyac yaranarsa, Antverpen və ya digər limanlara müraciət edəcəyik ki, təchizatın bir hissəsini onlar öz üzərinə götürsün. Biz bir-birimizi rəqibdən daha çox tərəfdaş kimi görürük. Əlbəttə, lazım olduqda rəqabət aparırıq, lakin əməkdaşlıq edə biləcəyimiz sahələrdə birlikdə çalışırıq", - deyə Simons vurğulayıb.
Qəzetin yazdığına görə, Niderland da digər NATO ölkələri kimi, müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmaq öhdəliyi götürüb. Ölkənin Müdafiə Nazirliyi bu ilin may ayında bəyan etmişdi ki, Rotterdam limanı NATO-nun sorğusu əsasında hərbi yükləri qəbul edə biləcək səviyyəyə gətirilməlidir.
Simons qeyd edib ki, bu ssenariyə hazırlıq çərçivəsində limana ildə bir neçə dəfə hərbi gəmilər yan alacaq və desant təlimləri keçiriləcək.
Məlumata görə, Rotterdam limanı əvvəllər də - xüsusilə 2003-cü ildə ABŞ və müttəfiqlərinin İraqa müdaxiləsi zamanı - hərbi yüklər qəbul edib. Lakin həmin vaxt bu məqsədlə xüsusi bir terminal ayrılmamışdı. Vaşinqton isə Avropadakı hərbi bazalarını əsasən Antverpen limanı vasitəsilə təmin edir.