"Trampı və Netanyahunu harada görsəniz..." - Bu sizin dini borcunuzdur: 98 yaşlı ayətullahın fətvası
10:08 Dünya98 yaşlı Məkarim Şirazidən fətva: "Allahın düşmənlərini öldürün!" - İran prezidentinin qorxulu səssizliyi
Olaylar.az xəbər verir ki, İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli maraqlı bir araşdırma yazıb. O, bildirib ki, 98 yaşlı iranlı Böyük Ayətullah Məkarim Şirazi dünya müsəlmanlarına ABŞ prezidenti Donald Trampı və İsrailin baş naziri Benyamin Netanyahunu "Allahın düşməni" elan edərək öldürməyə çağıran fətva verib.
Həmin fətvada açıq şəkildə deyilir ki, dünyanın istənilən yerindəki müsəlman bu şəxsləri qətlə yetirməlidir - bu onun dini borcudur. Fətva rəsmi şəkildə çap olunub və şiə dünyasında yüksək nüfuza malik Məkarim Şirazi tərəfindən imzalanıb. O, Qum məktəbində "Mərceyi-təqlid" statusuna malikdir və bu, onu şiə aləmində ən ali dini rütbəyə yüksəldir.
Elbəyi Həsənlinin yazısında daha bir maraqlı məqam var. O qeyd edir ki, İran Prezidenti Məsud Pezeşkian amerikalı mühafizəkar tok-şou aparıcısı Taker Karlsona virtual müsahibə verib. Bu müsahibəni İranın "Mehr" agentliyi ingilis dilində yayımlayıb. Həsənlinin oxuyub təhlil etdiyi həmin müsahibədə Pezeşkian çox ehtiyatlı danışıb. ABŞ-ı açıq tənqid etməkdən yayınaraq bütün günahı İsrailin üzərinə atıb.
Taker Karlson ona məhz bu fətvalarla bağlı sual verib:
"İranın iki tanınmış din xadimi ABŞ prezidenti Donald Trampa qarşı fətva verib. Sizcə, bunun mənası və əhəmiyyəti nədir?"
Məsud Pezeşkian isə cavabında bildirib ki, guya heç bir konkret şəxsə qarşı heç vaxt fətva verilməyib, sadəcə alimlərin fərdi fikirləri olub və qətl, təhdid kimi şeylər qəsd edilməyib. Elbəyi Həsənli isə yazır ki, bu, İran prezidentinin mövqeyini yumşaltmaq üçün səsləndirdiyi diplomatik yalandan başqa bir şey deyil. Çünki ortada açıq şəkildə imzalanmış və çap edilmiş fətva mövcuddur.
Beləliklə, İranın ali dini dairələri ABŞ və İsrail liderlərinə qarşı "öldürün" hökmü verir, amma İranın seçilmiş prezidenti bunun üstündən sükutla keçir və Qərblə münasibətləri qorumaq üçün ikiüzlü mövqe nümayiş etdirir.
Bu isə regionda onsuz da gərgin olan təhlükəsizlik balansını daha da riskli həddə daşıyır. (Musavat.com)