Hindistan məhkəməsi Türkiyənin "Çelebi" şirkətinə hava limanında fəaliyyət icazəsini rədd etdi- ÖZƏL

Hindistan məhkəməsi Türkiyədə yerləşən "Çelebi" şirkətinin ölkədə aviasiya yerüstü xidmətləri göstərmək üçün təhlükəsizlik icazəsinin ləğv edilməsi ilə bağlı hökumət qərarına qarşı qaldırdığı iddianı rədd edib. Olaylar.az xəbər verir ki,  bu barədə işdə iştirak edən üç hüquqşünas Reuters agentliyinə məlumat verib.
Qərarın səbəbi kimi Türkiyənin may ayında Hindistanla hərbi münaqişə zamanı Pakistana dəstək verməsi göstərilib. Bu mövqe Hindistanda ciddi narazılığa səbəb olub və hökumət "milli təhlükəsizlik maraqları"na əsaslanaraq "Çelebi" şirkətinin icazəsini ləğv edib.
"Çelebi Airport Services India" şirkəti 16 may tarixində Delhi Ali Məhkəməsinə müraciət edərək qərarın ləğvini tələb edib. Şirkət bildirib ki, bu qərar 3791 iş yerini və investor etimadını təhlükə altına qoyur və xəbərdarlıq edilmədən verilib.
Lakin Delhi Ali Məhkəməsi 7 iyulda şirkətin müraciətini rədd edib. Hüquqşünasların bildirdiyinə görə, məhkəmə milli təhlükəsizlik maraqlarının bəzi hallarda prosedur ədalət tələblərindən üstün olduğunu əsas kimi götürüb.
Hindistanın Baş Vəkili Tuşar Mehta bildirib ki, yerüstü xidmət operatorları hava limanlarının infrastrukturuna və sərnişin məlumatlarına, o cümlədən VIP səfərlərə dair detallara çıxış imkanına malikdirlər və bu da milli təhlükəsizlik üçün risk yarada bilər.
"Çelebi" şirkəti Reuters-in şərh tələbinə dərhal cavab verməyib.
Daha ətraflı məhkəmə qərarının detallarının yaxın zamanda ictimaiyyətə açıqlanacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31