SEPAH-ın informasiya təxribatı: Bakı-Tehran yaxınlaşmasına qarşı ideoloji savaş - ÖZƏL

SEPAH-ın "Pasdaran" kanalı Azərbaycanda Aşura mərasimlərinin qadağan edildiyini iddia edən yalanlar yayıb. İranlı "ekspert" Ehsan Movahedian da bu dezinformasiyanı tirajlayıb. Əslində isə mərasimlər ölkənin bütün bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə sərbəst keçirilib.
Məqsəd Bakı-Tehran münasibətlərini pozmaq və regionda gərginlik yaratmaqdır. Prezidentlərin Xankəndidəki görüşündən sonra bu təxribatların artması təsadüfi deyil.

Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, "Pasdaran" kanalının anti-Azərbaycan ritorikası, İranın daxilindəki ideoloji və təhlükəsizlik çevrələrinin Bakı ilə yaxınlaşmanı öz maraqlarına təhdid kimi görməsinin nəticəsidir:

"SEPAH-a bağlı "Pasdaran" kanalı hər zaman olduğu kimi, yenə də Azərbaycana qarşı dezinformasiya yaymaqdadır. Azərbaycanda Aşura mərasimlərinin yasaqlanması gülünc, həqiqətdən uzaq iddia və ittihamdır.
Məsələ ondadır ki, Azərbaycan Konstitusiyasında rəsmi dövlət dini göstərilməsə də, vətəndaşlarımızın böyük əksəriyyəti İslam dininin şiə məzhəbinə etiqad edir. Azərbaycanda heç bir dinə, məzhəbə, habelə onun ibadət, bayram və mərasimlərinə qarşı məhdudiyyət yoxdur. Əksinə, dövlətinə bağlı, vətənini canından üstün tutan, şəhid verən, qazi olan şiə etiqadlı Azərbaycan vətəndaşlarının inancı və mərasimləri dövlət üçün də mühüm və vacibdir.
Faktlar onu göstərir ki, əzadarlıq tədbirləri ölkənin bütün bölgələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə problemsiz şəkildə keçirilib. Hər kəs bu mərasimlərdə sərbəst şəkildə iştirak edir. Hər şey bir yana, ölkədə hər il Aşura mərasimləri dövlət tərəfindən də özünəməxsus şəkildə qeyd edilir. Məsələn, qanvermə aksiyalarında onlarla yüksək dövlət rəsmisi, habelə media nümayəndələri və ictimai fəallar iştirak edir.
SEPAH-ın bu addımı, İran daxilində xarici siyasət kursunu təyin edən dairələrin, xüsusilə də Ali Liderə bağlı hərbi-siyasi strukturların Prezident Pezeşkianın verdiyi müsbət siqnalları balanslaşdırmaq, hətta lazımsa zərərsizləşdirmək cəhdidir. Yəni Tehran rəsmi səviyyədə Bakı ilə münasibətləri düzəltmək niyyəti göstərsə də, paralel olaraq "dərin dövlət" dediyimiz institutlar bu yaxınlaşmanı öz ideoloji və təhlükəsizlik maraqları üçün risk kimi qiymətləndirirlər. "Pasdaran" kanalının anti-Azərbaycan ritorikası da bu narahatlıqdan qaynaqlanır.
Azərbaycana yönəlik belə təxribatlar həm də daxili auditoriyaya mesajdır. İran hakimiyyət sistemində dövlət başçısının yanaşması SEPAH-ın ideoloji xətti ilə üst-üstə düşmür və bu ziddiyyət zaman-zaman konkret addımlar və ya bəyanatlarla üzə çıxır.
Dezinformasiyanın erməni mediası tərəfindən sürətlə tirajlanması isə təsadüfi deyil. İran daxilindən çıxan belə informasiyalar Ermənistan üçün geosiyasi anlamda faydalıdır, çünki Azərbaycan-İran yaxınlaşmasının dərinləşməsi İrəvanın regionda daha da təcrid olunması ilə nəticələnə bilər. Beləliklə, SEPAH-ın informasiyası təkcə daxili məqsədə deyil, həm də regiondakı geosiyasi balanslara yönəlik kənar aktorlar tərəfindən alqışlanacaq təxribat xarakteri daşıyır.
Amma bu cür kampaniyaların Bakı-Tehran münasibətlərində qalıcı zərər yaradacağı ehtimalı azdır. Bunun səbəbi hər iki ölkənin qarşılıqlı maraqlara söykənən əməkdaşlıq gündəmini artıq siyasi ritorikadan praktik layihələr mərhələsinə keçirməsidir. Xankəndidə baş tutan yüksək səviyyəli görüş, sərhəd təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və kommunikasiya xətləri üzrə müzakirələr münasibətlərin bərpası üçün real baza yaradıb. SEPAH kimi qurumların informasiya hücumları isə bu təməli sarsıtmaq gücündə deyil, çünki rəsmi Tehran və Bakı bu mesajların haradan qaynaqlandığını və hansı məqsədə xidmət etdiyini yaxşı anlayır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31