ABŞ emissarı Livan Prezidentilə "Hizbullah"ın silahsızlaşdırılmasını müzakirə edəcək- ÖZƏL

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barak Livanın paytaxtı Beyruta səfər edib və burada ölkə rəhbərliyi ilə Livan-İsrail münasibətlərinin tənzimlənməsi üçün onun təqdim etdiyi "yol xəritəsi"ni müzakirə edəcək. Olaylar.az xəbər verir ki,  Baabda Prezident Sarayındakı mənbənin məlumata görə, plan "Hizbullah" şiə hərəkatının silahsızlaşdırılmasını nəzərdə tutur.
Məlumata görə, ABŞ emissarı birbaşa hava limanından Livan Prezidenti Cozef Aunla görüşə yollanıb. Prezident görüş zamanı Livanın İsraillə bağlı mövqeyini təqdim edəcək. "Rəsmi Beyrut ilk növbədə ABŞ-dən İsrailin ölkənin cənubunda hələ də nəzarətində saxladığı beş ərazidən çəkiləcəyi ilə bağlı zəmanət almağı gözləyir", - deyə mənbə bildirib.
Həmin şəxsin sözlərinə görə, Livan tərəfi 27 noyabr 2024-cü ildə əldə edilmiş atəşkəs sazişinə zidd olaraq davam edən İsrailin hərbi əməliyyatlarının dayandırılmasını və müharibədən zərər çəkmiş bölgələrin bərpasına şərait yaradılmasını istəyir.
Amerikalı diplomatin səfəri çərçivəsində parlament sədri və "Hizbullah" hərəkatının nümayəndəsi kimi çıxış edən Nabih Berri, baş nazir Nəvaf Salam və xarici işlər naziri Yusif Radji ilə də görüşləri nəzərdə tutulur. Görüşlərdə Suriya ilə sərhədlərin demarkasiyası, Livana beynəlxalq yardım və hökumət islahat proqramı kimi məsələlər də gündəmdə olacaq.
Xatırladaq ki, 19 iyunda Beyruta etdiyi əvvəlki səfəri zamanı Tom Barak "Hizbullah" silahlı birləşmələrinin öz silahlarını Livan ordusuna təhvil verməsi üçün cədvəl hazırlanmasını təklif etmişdi. O, bu prosesin bütün Livan ərazilərini əhatə etməsini və cari ilin noyabrına qədər yekunlaşdırılmasını istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31