Çin XİN: Trampın BRİKS-ə qarşı proteksionist siyasəti nəticəsiz qalacaq- ÖZƏL

Olaylar.az xəbər verir ki,  Çin Xarici İşlər Nazirliyi ABŞ  prezidenti Donald Trampın BRİKS ölkələri və onların tərəfdaşlarına qarşı tətbiq etmək istədiyi proteksionist siyasəti tənqid edib. Nazirliyin rəsmi nümayəndəsi Mao Nin bildirib ki, bu yanaşma perspektivsizdir və heç bir tərəfə fayda gətirməyəcək.
"Ticarət və tarif müharibələrində qalib olmur, proteksionizm isə gələcəyi olmayan bir yoldur", - deyə o, Ağ Evin rəhbərinin BRİKS-i dəstəkləyən ölkələrə qarşı 10 faizlik yeni tarif tətbiqi planlarını şərh edərkən vurğulayıb.
Mao Nin qeyd edib ki, Çin təzyiq və məcbur etmə vasitəsi kimi gömrük rüsumlarından özbaşına istifadəyə qarşı çıxır. "Bu, heç bir tərəfin maraqlarına uyğun deyil", - diplomat əlavə edib.
O həmçinin BRİKS-in formalaşmaqda olan bazar iqtisadiyyatına malik ölkələrin əməkdaşlıq platforması olduğunu xatırladaraq, bu birliyin açıqlıq, inklüzivlik və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini təbliğ etdiyini vurğulayıb. Mao Nin əlavə edib ki, BRİKS heç vaxt bloklararası qarşıdurma yaratmağa çalışmayıb.
Xatırladaq ki, Donald Tramp daha əvvəl BRİKS-in siyasətini dəstəkləyən ölkələrə qarşı əlavə 10 faizlik tariflər tətbiq olunacağını bəyan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31