Aİ Çinlə birgə iqlim bəyanatını imzalamaqdan imtina edib – ÖZƏL
10:18 DünyaAvropa İttifaqı (Aİ) bu ay Çinlə diplomatik münasibətlərin 50 illiyini qeyd etmək məqsədilə keçiriləcək sammit çərçivəsində planlaşdırılan birgə iqlim fəaliyyətinə dair bəyanatı imzalamaqdan imtina edib. Olaylar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının İqlim məsələləri üzrə komissarı Vopke Hoekstra Financial Times qəzetinə bildirib.
Aİ-nin iqlim hədəfləri dünyada ən iddialı planlar sırasında yer alsa da, bu məqsədlər yalnız daxili emissiyaların azaldılmasına əsaslanıb. İndi isə Brüssel sentyabrın ortasına qədər BMT-yə 2035-ci il üçün yeni iqlim məqsədlərini təqdim etməlidir.
Aİ rəsmilərinin sözlərinə görə, Brüssel Pekinin sammitdən sonra qarşılıqlı iqlim öhdəliyinə dair dəfələrlə etdiyi təklifləri qəbul etməyib. Avropa İttifaqı yalnız Çin istixana qazlarının emissiyasını azaltmaq üçün daha ciddi addımlar atacağına söz verəcəyi təqdirdə birgə bəyannaməyə razı ola bilər.
"Bizim baxış bucağımızdan yalnız konkret və məzmunlu razılaşmalar, real iddia və təşəbbüslər varsa, bu cür bəyanatların dəyəri olur," - deyə Hoekstra bildirib.
Məlumata görə, Çin iqtisadi artımı qorumaq və ekoloji məqsədlərə çatmaq arasında tarazlığı saxlamaqda çətinlik çəkir və ilin sonunadək karbon intensivliyinin 18% azaldılması ilə bağlı beşillik hədəfə çatmayacağı gözlənilir.
Reuters xəbəri dərhal təsdiqləyə bilməyib və Avropa Komissiyası da məsələ ilə bağlı şərh verməyib.