Gürcü müxalifəti: Rusiya ilə yanaşı duran qondarma hökuməti tanımırıq – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Dəyişiklik Uğrunda Koalisiya" bəyanat yayaraq Gürcüstanın hakim partiyası "Gürcü Arzusu"nun ATƏT Parlament Assambleyasının Abxaziya və Tsxinvali bölgələrinin tanınmasının ləğvini tələb edən və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatına qoşulmamasını kəskin tənqid edib.

Bəyanatda qeyd olunur ki, "İvanişvili rejimi ilə Gürcüstanın milli maraqları bir-biri ilə ziddiyyət təşkil edir" və bu qərar "ölkənin suverenliyi, ərazi bütövlüyü və məcburi köçkünlərin hüquqlarına xəyanətdir".

Koalisiya ATƏT-in Gürcüstanda azad və ədalətli parlament seçkilərinin keçirilməsi, siyasi məhbusların dərhal azad olunması və "Rusiya qanununun" ləğvini tələb etdiyini xatırladaraq əlavə edib:
"Biz, 'Dəyişiklik Uğrunda Koalisiya' olaraq bəyan edirik ki, Rusiya ilə yanaşı duran və öz xalqına qarşı savaş elan edən bu qondarma hökuməti tanımırıq! Gürcüstanı yenidən Avropa yoluna qaytarmaq və ərazi bütövlüyünü bərpa etmək üçün əlimizdən gələni edəcəyik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31