Duda: Qərb Polşanı Ukraynaya qoşun göndərməyə vadar edir- ÖZƏL
15:24 DünyaPolşa Prezidenti Anjey Duda Qərb ölkələrini Ukraynaya hərbi yardım məsuliyyətini Varşavanın üzərinə yükləməkdə ittiham edib. Olaylar.az xəbər verir ki, o, bildirib ki, bəzi Qərb ölkələri öz öhdəliklərindən yayınaraq, Polşanı daha çox yardım etməyə məcbur etməyə çalışırlar.
"Ətrafımdakı hər kəsə bir daha deyirəm: Məsələ ondadır ki, tərəfdaşlar bizim Ukraynaya verdiyimiz dəstəyi yadda saxlamaq istəmirlər. Onların marağı daha çox bizdən istifadə edib, özləri az vermək, digərlərindən isə maksimum nəticə almaqdır", - deyə Duda "Onet" portalına verdiyi müsahibədə bildirib.
Duda həmçinin NATO ölkələrinin potensial sabitləşdirmə missiyasında Polşanın iştirakını zəruri hesab etmədiyini vurğulayıb. Onun sözlərinə görə, Qərbdə sərt siyasi oyunlar gedir və əsas məqsəd kimdən daha çox yardım almaqdır.
Prezident əlavə edib ki, Ukraynaya göndəriləcək hərbçilər arasında İspaniya, Fransa və Portuqaliya kimi ölkələrdən olanlar da olmalıdır: "Onlar Aralıq dənizinin sahilində rahat şəraitdə yaşayırlar".
Anjey Duda eyni zamanda, tərəfdaşlara Polşanın Ukrayna istiqamətində tranzit yolları və Jeşuv hava limanından istifadəyə icazə verməməyi təklif edib. O bildirib ki, bu cür addım Qərbin Varşavanın əhəmiyyətini dərk etməsinə kömək edə bilər.
Ukrayna hakimiyyətini də tənqid edən Duda, Polşanın Ukraynaya yardım üçün öz infrastrukturunu təqdim etməklə ən yüksək riskləri üzərinə götürdüyünü, lakin bunun Ukrayna tərəfindən yetərincə qiymətləndirilmədiyini qeyd edib: "Düşünmürəm ki, ukraynalı qonşularımız bu məqama xüsusi diqqət yetirmək istəyirlər".