Gürcüstan Ukraynanın hərəkətlərini "arxadan vurulan bıçaq" adlandırdı- ÖZƏL

Olaylar.az xəbər verir ki,  Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib ki, Portuda keçirilən ATƏT Parlament Assambleyasında (PA) Ukrayna nümayəndə heyətinin davranışı "arxadan vurulan bıçaq"dır.
3 iyulda keçirilən PA sessiyasında ABŞ konqresmeni Co Uilson və Ukrayna nümayəndə heyətinin təşəbbüsü ilə Gürcüstan hakimiyyətini guya siyasi məhbusları azad etməyə və yeni parlament seçkiləri keçirməyə çağıran düzəlişlər qəbul edilib.
Papuaşvili bu məsələ ilə bağlı bildirib:
"Gürcüstan hakimiyyəti Ukrayna xalqına dəstək göstərdikdən sonra, əvəzində faktiki olaraq gürcü cəmiyyətinə arxadan bıçaq vuruldu. Müharibə şəraitində olan, özü böyük ekzistensial problemlərlə üzləşən Ukraynanın vaxt tapıb Gürcüstan xalqına qarşı çıxması sadəcə utancverici bir davranışdır".
O, həmçinin xatırladıb ki, Gürcüstan Ukrayna ilə bağlı 600-dən çox qətnamə və bəyanatlara rəsmi dəstək verib, ukraynalı qaçqınları ilk qəbul edən ölkələrdən biri olub, məktəblərdə ukrayna bölmələri açıb.
"Bəs biz bunun əvəzində nə görürük? Onlar (Ukrayna nümayəndə heyəti ) dəhlizlərdə qaçaraq, necə olur-olsun Gürcüstan xalqına zərər vurmağa çalışırlar. Bu, bizim Ukrayna xalqına göstərdiyimiz dostluğa verilən cavabdır?" - deyə Papuaşvili vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31