Ukrayna Ali Radasının deputatı: "Ölkədə idarəetmə sistemi Konstitusiyaya ziddir"- ÖZƏL

Ukrayna Ali Radasının deputatı Aleksey Kuçerenko ölkədə dövlət idarəetmə sisteminin Konstitusiyaya zidd olduğunu bildirib. Olaylar.az xəbər verir ki, bu barədə o, "Superpozitsiya" adlı ukraynalı YouTube kanalına verdiyi müsahibədə danışıb.
"Bizdə idarəetmə sistemi faktiki olaraq Konstitusiyaya, bütün qanunlara ziddir. Kadr seçimi, təyinat, vəzifədən azad etmə, rotasiya, büdcə vəsaitlərinin bölgüsü üçün hansı meyarların əsas götürüldüyünü anlaya bilmirəm", - deyə Kuçerenko qeyd edib. O, idarəetmə sistemilə Konstitusiya arasında başqa konkret ziddiyyətlərə toxunmayıb.
Deputat eyni zamanda yaxın zamanda hökumət tərkibində dəyişikliklərin baş verəcəyini də istisna etməyib. "Mən hökumətdə müəyyən rotasiyanın olacağını düşünürəm. Amma bu, hər şeyi köklü şəkildə dəyişəcəkmi? Xeyr, dəyişməyəcək", - deyə o əlavə edib.
Xatırladaq ki, Ukrayna Konstitusiyasına əsasən, Prezident Volodimir Zelenskinin səlahiyyət müddəti 2024-cü ilin 20 may tarixindən sonra başa çatıb. Lakin Ukraynada hərbi vəziyyət bəhanə edilərək yeni prezident seçkiləri keçirilməyib. Rusiya Prezidenti Vladimir Putin bu məsələ ilə bağlı Ukraynanın 2014-cü ilin mayında qəbul edilmiş Konstitusiya Məhkəməsinin qərarını xatırladıb. Həmin qərara əsasən, prezident səlahiyyətlərinin müddəti uzadıla bilməz. Putinin fikrincə, bu, Zelenskinin prezidentlik müddətinin və eyni zamanda legitimliyinin başa çatdığını göstərir və bunu hər hansı hüquqi manipulyasiya ilə bərpa etmək mümkün deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31