Ukrayna ABŞ-nin silah təchizatını dayandırmasına etiraz etdi – ABŞ diplomatı XİN-ə çağırıldı- ÖZƏL
2 İyul 14:04 DünyaUkraynanın Xarici İşlər Nazirliyi ABŞ-nin Kiyevdəki müvəqqəti işlər vəkili Con Hinkelini nazirliyə çağırıb. Bu addım Vaşinqtonun bir sıra silah tədarüklərini, o cümlədən "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin göndərilməsini dayandırması fonunda atılıb. Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna XİN-in saytında yerləşdirilən məlumatda bildirilir.
"Amerikalı diplomatla aparılan danışıqlarda əsas mövzu ABŞ-nin hərbi yardımı və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq olub", - deyə məlumatda qeyd olunur. - "Ukrayna tərəfi vurğulayıb ki, müdafiə qabiliyyətlərinin dəstəklənməsində istənilən gecikmə və ya fasilə Ukraynaya qarşı təcavüzkarı daha da müharibəni davam etdirməyə təşviq edir və sülh axtarışına deyil, məhz münaqişənin dərinləşməsinə xidmət edir".
Bundan öncə The New York Times qəzeti mənbələrə istinadla yazmışdı ki, ABŞ Ukraynaya "Patriot" sistemləri üçün raketlər, yüksək dəqiqlikli GMLRS sursatları, idarə olunan "Hellfire" raketləri, daşınan "Stinger" raket kompleksləri və bəzi digər silahların tədarükünü müvəqqəti dayandıracaq.
İyun ayının sonunda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan etmişdi ki, ABŞ-dən Ukraynaya silah tədarükü qismən davam edir, lakin bəzi tədarüklər artıq həyata keçirilmir.