Alen Simonyan: “Rusiya telekanallarının Ermənistanda yayımı dayandırıla bilər” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya telekanallarının ölkəsindəki fəaliyyətinə qarşı kəskin açıqlama verib. O, sosial şəbəkədə rus dilində paylaşdığı bəyanatında bildirib ki, Ermənistanda artıq bu telekanalların yayımının dayandırılması məsələsi ciddi müzakirə olunmalıdır.

Simonyan rusiyalı həmkarlarının reaksiyalarına cavab olaraq sual edir: "Heç kim özünə sadə, amma əsas sualı vermir: niyə?" O qeyd edir ki, Rusiyanın bəzi dövlət telekanalları Ermənistanla Rusiya arasında münasibətlərin pozulmasında əsas rolu oynayır. Onun sözlərinə görə, bu kanallarda Ermənistanın seçilmiş hakimiyyəti təhqir olunur, cəmiyyət hökumətə qarşı qızışdırılır, ölkənin suverenliyi və müstəqilliyi şübhə altına alınır, hətta mitinqlərin vaxtı və yeri elan olunaraq konstitusion quruluş hədəf alınır.

Simonyan əlavə edir: "Təsəvvür edin, əgər erməni dövlət kanalları Rusiya prezidenti və rəhbərliyini təhqir etsəydi, Rusiya ərazisinin bütövlüyünü müzakirə obyektinə çevirsəydi, Rusiya ordusunu tənqid etsəydi, ya da Rusiya vətəndaşlarına qarşı cinayət işlərini efirə versəydi - nə baş verərdi?"

O vurğulayıb ki, bu tip təbliğat Ermənistan-Rusiya münasibətlərini zədələyən əsas amildir, nə Qərb, nə də Ermənistan hakimiyyəti. "Buna ya siz son qoyun, ya da biz bunu edəcəyik", - deyə Simonyan xəbərdarlıq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31