USAID-in bağlanması 14 milyondan çox insanın ölümünə səbəb ola bilər – “The Lancet” analizi- ÖZƏL
11:30 DünyaTramp administrasiyasının ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) proqramlarını ləğv etməsi nəticəsində növbəti beş il ərzində 14 milyondan çox insanın öləcəyi proqnozlaşdırılır. Olaylar.az xəbər verir ki, bu barədə "The Lancet" tibb jurnalında dərc olunmuş yeni araşdırmada qeyd olunur.
İspaniya, Braziliya, Mozambik və ABŞ-dən olan beynəlxalq tədqiqatçılar qrupu 21 il ərzində USAID-in maliyyələşdirdiyi proqramların insan həyatını xilas etmə gücünü təhlil edərək, gələcəkdə bu maliyyənin kəsilməsi ilə yaranacaq ölüm sayını hesablayıblar. 2001-2021-ci illər ərzində USAID proqramları 133 ölkədə təxminən 92 milyon insanın həyatını xilas edib. Onların sırasında 25 milyondan çoxu İİV/QİÇS-dən, 11 milyonu ishal xəstəliklərindən, 8 milyonu malyariyadan və 5 milyona yaxın insan isə vərəm xəstəliyindən xilas olunub.
ABŞ-nin Dövlət Katibi Marko Rubio bu ilin mart ayında USAID proqramlarının 83 faizini ləğv etdiyini açıqlayıb. O bildirib ki, bu layihələr ABŞ-nin "əsas milli maraqlarına xidmət etmir". Qalan təxminən 1000 proqram isə Dövlət Departamenti tərəfindən idarə olunacaq. Lakin bu qərar bir çox ölkələrdə humanitar yardım fəaliyyətlərinin dayanmasına, qida mərkəzləri və klinikaların bağlanmasına səbəb olub. Eyni zamanda həyati əhəmiyyətli dərmanların, malyariya əleyhinə torların, aclıqdan əziyyət çəkən uşaqlar üçün qida paketlərinin və su təmizləyici xlor tabletlərinin paylanması ya ləngidilib, ya da tamamilə dayandırılıb.
Araşdırma göstərir ki, əgər maliyyə kəsintiləri 2030-cu ilə qədər davam edərsə, 14 milyon nəfərdən çox insan ölə bilər. Onların təxminən 4,5 milyonu 5 yaşından kiçik uşaqlardır.
Barselona Qlobal Sağlamlıq İnstitutunun tədqiqatçısı David Rasella qeyd edib ki, bu rəqəmlər təkcə onların komandası tərəfindən deyil, digər qruplar tərəfindən də hesablanıb və nəticələr bir-birinə uyğundur. Boston Universitetindən olan bir digər araşdırmada isə USAID-in maliyyəsinin kəsilməsi nəticəsində hər saat 88 nəfərin öldüyü proqnozlaşdırılır.
USAID ləğv olunmadan öncə yoxsulluq və xəstəliklərlə mübarizədə əsas beynəlxalq tərəfdaşlardan biri idi. Eyni zamanda, aşağı və orta gəlirli ölkələrin iqtisadi inkişafına dəstək verərək ABŞ-lə ticarət potensialını gücləndirirdi. Agentlik yalnız keçən il 35 milyard dollardan çox vəsaiti idarə edib.
Rubio açıqlamasında USAID-in əldə etdiyi nəticələrin az, xərclərin isə çox olduğunu deyib. Buna baxmayaraq, bəzi "əsas həyati proqramların" davam etdiriləcəyini vəd edib. Maliyyə ixtisarlarına qarşı dövlət qulluqçuları və xarici xidmət əməkdaşları adından fevral ayında məhkəməyə şikayət verilib, lakin nəticə hələlik məlum deyil.