Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları 6 ay daha uzatdı- ÖZƏL

Avropa İttifaqı Rusiyanın Ukraynada davam edən destabilizasiya hərəkətləri səbəbindən Rusiyaya qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirləri daha 6 ay, yəni 31 yanvar 2026-cı il tarixinədək uzadıb. Olaylar.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının yaydığı bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, bu iqtisadi sanksiyalar ilk dəfə 2014-cü ildə tətbiq olunub, lakin 2022-ci ilin fevralından etibarən Rusiyanın Ukraynaya qarşı başladığı əsassız və qanunsuz hərbi aqressiyaya cavab olaraq əhəmiyyətli şəkildə genişləndirilib.
Sanksiyalar indi ticarət, maliyyə, enerji, texnologiyalar, ikili təyinatlı məhsullar, sənaye, nəqliyyat və bahalı əşyalar kimi müxtəlif sektorları əhatə edir. Eyni zamanda, Rusiya neftinin və bəzi neft məhsullarının Avropa İttifaqına dəniz yolu ilə idxalı və ötürülməsi qadağan edilib. Bir neçə Rusiya bankının SWIFT vasitəsilə əməliyyatları dayandırılıb və Kremlin dəstəklədiyi desinformasiya yayımı media qurumlarının Avropa İttifaqındakı yayım və lisenziya fəaliyyəti dayandırılıb.
Bundan əlavə, sanksiyaların ətrafından dolaşmaq cəhdlərinə qarşı xüsusi tədbirlər görülür.
Avropa İttifaqı Şurasının bəyanatında vurğulanır ki, Rusiya tərəfindən beynəlxalq hüququn əsas norma və prinsiplərinin, o cümlədən zorakılıq tətbiqinin qadağan edilməsinin pozulması davam etdiyi müddətcə, sanksiyaların qüvvədə saxlanılması və lazım gəldikdə əlavə tədbirlərin görülməsi zəruridir.
Qeyd edək ki, sanksiyalar sonuncu dəfə yanvar 2025-ci ildə 6 aylıq müddətə uzadılmışdı. Həmin vaxt Macarıstan Ukraynanın Rusiyadan Avropaya qaz tranzitini dayandırmaq qərarına etiraz olaraq sanksiyaların uzadılmasına mane olmaqla bağlı təhdid etmiş, Brüsseldən enerji təhlükəsizliyi ilə bağlı zəmanətlər tələb etmişdi. Avropa İttifaqı sanksiyaları hər 6 ayda bir yenilənir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31