KTMT XİN başçıları ABŞ və İsrailin İrana hücumlarını pislədi- ÖZƏL
15:51 DünyaKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri Birləşmiş Ştatlar və İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarını qətiyyətlə pisləyiblər. Olaylar.az xəbər verir ki, bu barədə nazirlərin Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanatında deyilir.
"Biz - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv dövlətlərinin xarici işlər nazirləri - Yaxın Şərqdə gərginliyin təhlükəli şəkildə artmasından ciddi narahatlıq keçiririk. BMT Nizamnaməsinə və beynəlxalq hüququn normalarına zidd olaraq İran İslam Respublikasına qarşı həyata keçirilən hərbi əməliyyatları qətiyyətlə pisləyirik. Hücumlar nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk və yaralılara şəfa diləyirik", - deyə sənəddə bildirilir.
Nazirlər bəyan ediblər ki, mülki obyektlərə, o cümlədən nüvə energetikası infrastrukturlarına edilən istənilən hücumlar yolverilməzdir və beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır. Bu cür hərəkətlər bölgədə vəziyyətin daha da gərginləşməsinə və qlobal sabitlik üçün təhlükələrə yol aça bilər.
Sənəddə qeyd olunur ki, İranın nüvə obyektləri və qurğuları Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) zəmanəti altındadır və orada yoxlama fəaliyyəti aparılır. Bu səbəbdən də KTMT üzvü ölkələrin XİN rəhbərləri həmin obyektlərə yeni hücumların edilməməsinə çağırış ediblər.
"Problemlərin hərbi yollarla həllindən imtina etməyə və MAQATE zəmanəti altında olan nüvə obyektlərinə yeni hücumlara yol verməməyə çağırırıq", - deyə bəyanatda vurğulanıb.