BMT Baş katibi veto hüququnun məhdudlaşdırılmasını faydalı sayır- ÖZƏL
13:46 DünyaBirləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasında veto hüququnun müəyyən hallarda məhdudlaşdırılmasının faydalı olacağını bildirib. Olaylar.az xəbər verir ki, o, bu fikrini İspaniyanın TVE telekanalına müsahibəsində səsləndirib: "BMT çox geniş bir təşkilatdır. Əsas problemlərdən biri Təhlükəsizlik Şurasıdır. Bu orqan bu günkü dünyanı təmsil etmək baxımından legitim deyil".
Quterreşin fikrincə, Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi üzvlərinin sayının artırılması vacibdir. "Məncə, bəzi hallar - məsələn, soyqırımı riski kimi qətiyyən qəbulolunmaz vəziyyətlər üçün veto hüququnun məhdudlaşdırılması faydalı ola bilər", - deyə o qeyd edib.
Lakin baş katib eyni zamanda bu cür islahatların reallaşdırılmasının çətin olduğunu və Təhlükəsizlik Şurasının effektivlik problemi ilə üzləşdiyini də vurğulayıb.
Hazırda Təhlükəsizlik Şurasında 10 qeyri-daimi üzv var və onların yarısı hər il rotasiya qaydasında dəyişir. Ancaq daimi üzvlər - Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa - veto hüququna malikdirlər.
Xatırladaq ki, Antonio Quterreş daha əvvəl də Təhlükəsizlik Şurasında islahatların zəruriliyini vurğulamışdı. Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə bildirmişdi ki, Şura yalnız Qərb ölkələrinin deyil, Asiya, Afrika və Latın Amerikasının da hesabına genişləndirilməlidir. Lavrov veto hüququndan imtinanı real saymadığını və bu halda BMT-nin mənasız bir quruma çevriləcəyini bəyan etmişdi.