Serbiyadan Azərbaycanla bağlı QƏRİBƏ İDDİA
29 İyun 19:57 DünyaSerbiya ilə Rusiya arasında yeni qaz müqaviləsi razılaşdırılıb, lakin onun imzalanması ən azı sentyabrın 20-dək təxirə salınıb.
Musavat.com xəbər verir ki, bunu Prva telekanalının efirində "Srbijagas" şirkətinin direktoru Duşan Bajatoviç deyib.
Onun sözlərinə görə, gecikmənin səbəbi Serbiyanın Azərbaycanın ixrac üçün kifayət qədər qaz ehtiyatına malik olub-olmadığını, eləcə də Rusiyaya qarşı sanksiyaların uzadılmasının təxmini müddətini bilməməsidir:
"Səbəb odur ki, hazırda Azərbaycanın bizə nə təklif edə biləcəyini belə bilmirik - Azərbaycanda qaz yoxdur.
Sanksiyaların aqibəti necə olacaq? Neçə il müddətinə bunu imzalamalıyıq? Əgər 2027-ci ildə Rusiya qazından istifadə edən hər kəsə qarşı sanksiyalar tətbiq etmək istəyirlərsə, biz müqaviləni neçə il müddətinə imzalamalıyıq, qazın həcmi nə qədərdir? Avropa deyir ki, bazarı açın, yəni bizə bütün qazı satmağa kömək edin".
"Srbijaqas"ın rəhbəri iddia edib ki, regionda qaz sabitliyinin təmin edilməsində Rusiyanın rolu əsas olaraq qalır:
"Hər kəs, hətta Rusiyanın həm siyasi, həm də iqtisadi cəhətdən qızğın əleyhdarları olanlar bilir ki, Rusiya qazı olmadan Cənub-Şərqi Avropanı qazla təmin etmək məsələsini həll etmək mümkün deyil".
Daha əvvəl Bajatovic qeyd edib ki, Moskva və Belqrad Rusiya qazının Serbiyaya tədarükü ilə bağlı müqaviləni cari şərtlərlə may ayında sentyabrın 30-dək uzadıb:
"Hər kubmetr üçün 290 avro qiyməti ilə gündəlik 6 milyon kubmetr".
O bəyan edib ki, Serbiya tərəfi 10 il müddətinə Rusiya qazının tədarükü üçün yeni müqavilə imzalamağa həvəslidir.
Bajatovic Aİ-nin anti-Rusiya sanksiyaları rejiminin potensial genişləndirilməsi səbəbindən tədarükün mümkünsüzlüyü şəklində fors-major hallar zamanı müqaviləyə bəndlərin daxil edilməsinin zəruriliyinə diqqət çəkib.
Serbiya prezidenti Aleksandr Vuçiç mayın 9-da Moskvaya səfəri zamanı Rusiya lideri Vladimir Putinlə yeni qaz müqaviləsinin bağlanması məsələsini müzakirə edib.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan 25,2 milyard kubmetr qaz ixrac edib ki, bunun da yarısından çoxu - 12,9 milyard kubmetri Avropa bazarına gedib. 31 dekabr 2020-ci ildə Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya kommersiya qazının tədarükünə başlayıb. Avropada Azərbaycan qazının alıcıları Bolqarıstan, Macarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Şimali Makedoniya, Serbiya, Slovakiya, Sloveniya və Xorvatiyadır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan Serbiyaya 894 milyon 914,59 min dollar dəyərində 3 milyard 190 milyon 672,4 min kubmetr qaz çatdırıb.
Maraqlıdır ki, indiyədək Serbiya nə qədər istəyib, Azərbaycan həmin həcmdə qazı təmin edib. Bu şəraitdə Serbiyadan səslənən "Azərbaycanda qaz yoxdur" iddiası qəribə görünür...