ABŞ: Daha bir neçə ölkə “İbrahim Sazişləri”nə qoşula bilər- ÖZƏL
11:41 DünyaABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, yaxın vaxtlarda bir neçə ölkənin "İbrahim Sazişləri"nə qoşulması gözlənilir. Onun sözlərinə görə, bu məsələ Tramp administrasiyasının əsas prioritetlərindən biridir.
Olaylar.az xəbər verir ki, "Prezidentin əsas məqsədlərindən biri 'İbrahim Sazişləri'nin genişləndirilməsidir. Hesab edirəm ki, yaxın vaxtlarda bu sazişlərə qoşulacaq ölkələrlə bağlı olduqca mühüm açıqlamalar olacaq", - deyə Uitkoff CNBC telekanalına müsahibəsində qeyd edib.
O əlavə edib ki, ABŞ Yaxın Şərqdə sabitliyin təmin olunması üçün bəzi ölkələrlə - insanların adlarını gözləmədiyi dövlətlərlə - münasibətləri normallaşdırmağa çalışır.
Xatırladaq ki, Donald Trampın ilk prezidentlik dövründə əldə olunan və onun əsas nailiyyətlərindən sayılan "İbrahim Sazişləri" 2020-2021-ci illərdə ABŞ-nin vasitəçiliyi ilə İsraillə bir sıra ərəb ölkələri arasında imzalanıb. 2020-ci ildə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Mərakeş İsraillə münasibətləri normallaşdırıb. 2021-ci ildə isə Sudan diplomatik əlaqələrin qurulduğunu bəyan edib. Bu sazişlərdən əvvəl İsrailin ərəb ölkələri ilə yalnız Misir (1979) və İordaniya (1994) ilə rəsmi əlaqələri mövcud idi.
Daha əvvəlki açıqlamalarda Səudiyyə Ərəbistanı, Livan, Liviya və Suriya kimi ölkələrin də gələcəkdə "İbrahim Sazişləri"nə qoşula biləcəkləri qeyd olunub.