Paşinyan - kilsə davası qızışır: “Qaregin Patriarxatı tərk etməlidir, xəyanət edib!”

Musavat.com xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dini lideri, bütün ermənilərin katolikosu II Qareginə (əsl adı Ktriç Nersisyan) qarşı görünməmiş tonda və məzmunda sərt çıxış edib. Paşinyan Katolikosu açıq şəkildə müqəddəsliyə xəyanətdə, subaylıq andını pozmaqda və öz şəxsi həyat tərzi ilə kilsəyə ləkə gətirməkdə ittiham edib.

Baş nazirin sözlərinə görə, "subaylıq andını pozmuş və İsa Məsihi xəyanət etmiş bir qrup" ədalət və etibarlılıqdan danışa bilməz:

"Belə bir qrupun Ana Taxt-Tac adından danışmağa haqqı yoxdur. Qaregin, bu müqəddəsliyi ləkələdiyi üçün Patriarxatı tərk etməlidir. Əgər o bunu könüllü etməsə, Müqəddəs Ermənistan Apostol Kilsəsinin imanlı icması onu xristian qaydası ilə qovacaq", - deyə Paşinyan bəyan edib.

Erməni mediasının yaydığı məlumata görə, Paşinyan bu çıxışı zamanı II Qaregini "erməni xalqının ruhani təhlükəsizliyi üçün təhdid" adlandırıb və onun şəxsi həyatını "dövlət təhlükəsizliyi problemi" kimi qiymətləndirib.

Bundan əlavə, baş nazir "Patriarxatı azad etmək" məqsədilə "koordinasiya qrupu" yaradılacağını elan edib və kilsə daxilində islahatlara başlanacağını bildirib.

Ermənistan Apostol Kilsəsinin nümayəndələri Paşinyanın çıxışına kəskin reaksiya verərək, bunu "anti-kilsə kampaniyası" və "dövlətin dinə qarşı təzyiqi" adlandırıblar. Kilsə rəhbərliyi bildirir ki, bu cür bəyanatlar cəmiyyətin parçalanmasına və dini zəmində qarşıdurmanın dərinləşməsinə yol aça bilər.

Ermənistanın Konstantinopol Patriarxlığı və bəzi xarici kilsə dairələri də məsələyə münasibət bildirərək Paşinyanın bəyanatlarını "təxribatçı" və "siyasi motivli" adlandırıblar. Onlar bildiriblər ki, dövlət başçısının kilsə işlərinə bu cür müdaxiləsi qəbuledilməzdir.

Kontekst: Paşinyan və kilsə arasında dərinləşən gərginlik

Paşinyan və Ermənistan kilsəsi arasında münasibətlər, xüsusilə 2020-ci ildəki Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra xeyli gərginləşmişdi. Kilsə həmin vaxt hakimiyyəti sərt şəkildə tənqid etmiş, Paşinyan isə cavab olaraq kilsəni "xalqın iradəsinə qarşı çıxmaqda" suçlamışdı. Hazırkı qalmaqal isə bu münasibətlərin artıq açıq qarşıdurma fazasına keçdiyini göstərir.

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31