Fon der Leyenə qarşı etimadsızlıq təşəbbüsü: Avropa Parlamenti silkələnir- ÖZƏL
26 İyun 2025 10:51 DünyaAvropa Parlamentinin (AP) rumıniyalı deputatı George Piperia Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenə qarşı COVID-19 dövründəki korrupsiya qalmaqalı ilə əlaqədar etimadsızlıq səsverməsinin keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Olaylar.az xəbər verir ki, Piperia bu barədə Financial Times qəzetinə verdiyi müsahibədə bildirib: "Bu təşəbbüsün mahiyyəti şəffaflığın qorunması və ədalətli, həqiqi demokratik prosesin təmin olunmasıdır". Onun sözlərinə görə, Avropa Xalq Partiyasından (AXP) olan bir neçə deputat da təşəbbüsü dəstəkləyib.Rumıniyalı deputat bildirib ki, etimadsızlıq səsverməsinin keçirilməsi üçün zəruri olan sayda imza toplayıb və təklifin gələn ay səsverməyə çıxarılması gözlənilir.
Bununla belə, nəşrin qeyd etdiyinə görə, fon der Leyenin istefasına səbəb olacaq qədər çox səs toplanacağı ehtimal olunmur. Lakin bu proses AK rəhbərini bəzi deputatlarla kompromisə getməyə məcbur edə bilər. Xatırladaq ki, ötən il fon der Leyenin Komissiya rəhbəri postuna namizədliyi 720 deputatdan 401-i tərəfindən dəstəklənmişdi.
Daha əvvəl Rumıniyanın millətçi yönümlü "Rumınların Birləşməsi Alyansı"nın lideri Corce Simion da fon der Leyenə qarşı etimadsızlıq səsverməsi üçün AP üzvlərinin imzalarının toplanmasına başlandığını açıqlamışdı.
Avropa İttifaqı Ədalət Məhkəməsi 2024-cü ildə qərar çıxararaq bildirmişdi ki, Avropa Komissiyası COVID-19 peyvəndlərinin alınmasına dair müqavilələrlə bağlı ictimaiyyətə kifayət qədər məlumat təqdim etməyib və bəzi hallarda Avropa qanunlarını pozaraq istehsalçı şirkətləri preparatların yan təsirlərinə görə hüquqi məsuliyyətdən azad edib.
Qərarda göstərilirdi ki, fon der Leyenin şəxsi nəzarəti ilə 2020 və 2021-ci illərdə 3 milyard dozadan çox vaksinə dair təxminən 2,7 milyard avro dəyərində müqavilələr bağlanıb - vaksinlərin hələ klinik sınaq mərhələsindən tam keçmədiyi bir vaxtda.
Avropa qanunvericiliyinə görə, etimadsızlıq təklifinin gündəliyə salınması üçün 72 deputatın imzası tələb olunur. Səsvermənin uğurla keçməsi üçün isə iştirak edən deputatların üçdə ikisinin lehinə səs verməsi şərtdir. İndiyə qədər Avropa Komissiyasına qarşı keçirilən etimadsızlıq səsvermələri nəticə verməyib.