Zelenski: “Trampı İranın bombalanması münasibətilə təbrik etdim – bu, uğurlu əməliyyat idi”

Olaylar.az xəbər verir ki, Haaqada keçirilən NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında xüsusi görüşə dair əlavə təfsilatlar yayılır.

Zelenski görüş barədə sosial media hesabında paylaşım edərək, Trampı "Yaxın Şərqdə uğurla həyata keçirilmiş bombalama əməliyyatı" münasibətilə təbrik etdiyini bildirib.

"Bu gün mən Trampı İranın bombalanması münasibətilə təbrik etdim: bu, uğurlu əməliyyat idi", - deyə Ukrayna lideri qeyd edib.

O bildirib ki, ABŞ-ın atdığı addımlar yalnız İranın nüvə proqramını deyil, eyni zamanda dron istehsalını da zəiflədib: "Vaşinqtonun bu əməliyyatı strateji baxımdan böyük nəticələr verə bilər. Biz vəziyyəti izləməyə davam edirik".

Zelenskinin paylaşımında daha bir diqqətçəkən detal Ukraynanın ABŞ-dan hava hücumundan müdafiə sistemləri almağa hazır olmasıdır. O bildirib ki, bu sistemlər şəhərlərin, dinc əhalinin, infrastrukturun və hətta kilsələrin qorunması üçün həyati əhəmiyyət daşıyır.
Ukrayna lideri həmçinin bildirib ki, ölkəsi bu sistemləri almağa və ABŞ-ın müdafiə sənayesini dəstəkləməyə hazırdır.

"Avropa bu prosesdə maliyyə dəstəyi göstərə bilər. Eyni zamanda, mümkün olan PUA-ların ortaq istehsalı məsələsini də müzakirə etdik - bir-birimizi gücləndirə bilərik", - deyə Zelenski əlavə edib.

"Putin qətiyyən qalib gəlmir" - cəbhədə real vəziyyət

Zelenski həmçinin Trampa Ukrayna cəbhəsindəki real vəziyyət barədə hesabat təqdim etdiyini bildirib. "Putin qətiyyən qalib gəlmir. Mən Trampa yerindəki vəziyyəti, faktlarla təqdim etdim", - deyə o bildirib.

Ukrayna Prezidenti həmçinin İstanbulda keçirilən texniki müzakirələr, əsir və meyit mübadiləsi barədə də Trampa məlumat verdiyini söyləyib:
"Rusiya öz ölü əsgərlərinin meyitlərini bizə verib. Biz hazırda onların kimliyini müəyyənləşdirmək üçün Kiyevdə ekspertizalar aparırıq".

Zelenski sonda Trampa göstərdiyi dəstəyə və "xalqımıza deyilən xoş sözlərə" görə təşəkkür edib: "İrəlidə birlikdə daha çox işlər görəcəyik. Əməkdaşlıq davam edəcək".(Musavat)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31