ABŞ-İran görüşməsi baş tuta bilər – Tramp tarix verdi

ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında hərbi toqquşmaların yenidən baş verməyəcəyinə inandığını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Tramp NATO sammitindən sonra Haaqada keçirilən mətbuat konfransında bildirib.

"Həmin münaqişə 12 gün davam etdi və biz onun artıq başa çatdığını düşünürük. Mən inanmıram ki, onlar bir-birlərinə yenidən hücum edəcəklər. Belə düşünmürəm", - deyə o qeyd edib.

ABŞ lideri həmçinin gələn həftə İranla danışıqlar keçirmək və razılaşma imzalamağa ümid etdiyini bildirib.

Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Cəmi bir gündən sonra isə İran cavab zərbəsi endirib. Münaqişə gərginləşdikdən doqquz gün sonra - 22 iyun gecəsi ABŞ silahlı qüvvələri İranın üç nüvə obyektini vurub.

23 iyun axşamı isə Tehran Qətərdə yerləşən və Yaxın Şərqdəki ən böyük ABŞ hərbi bazası olan Əl-Üdeydə raket zərbəsi endirib. ABŞ rəsmilərinin məlumatına görə, hücum nəticəsində nə insan tələfatı, nə də ciddi dağıntılar qeydə alınıb.

Tramp daha sonra bəyan edib ki, İsrail və İran atəşkəsə tam razılıq veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31