Trampdan müharibə XƏBƏRDARLIĞI – “Yaxın günlərdə başlaya bilər!”
19:11 Dünyaİsrail və İran yaxın gələcəkdə münaqişəni bərpa edə bilər, lakin hər iki tərəf hazırda döyüşlərdən tükənib və hərbi əməliyyatları davam etdirməyə həvəsli deyil.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Haaqada NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
"Onlar hər ikisi yorulub, tükəniblər. Çox qızğın, çox amansız döyüşdülər və hər ikisi evlərinə qayıtmaqla razı qaldılar. Bu yenidən başlaya bilərmi? Fikrimcə, nə vaxtsa başlaya bilər. Ola bilsin, yaxın vaxtlarda başlasın", - deyə o, bildirib.
Bununla belə, dövlət başçısı bir neçə dəqiqə əvvəl verdiyi açıqlamada İsrail və İran arasında döyüşlərin yenidən başlayacağına inanmaması ilə bağlı əminliyini ifadə edib.
"Bu, 12 günlük bir müharibə idi və düşünürük ki, artıq bitdi. Mən inanmıram ki, onlar yenidən bir-birinə hücum etməyə hazırlaşırlar. Belə düşünmürəm", - deyə Tramp əvvəlki çıxışında qeyd edib.
ABŞ administrasiyası gələn həftə İranla onun nüvə proqramı ilə bağlı danışıqlar aparmağı və razılıq əldə etməyi planlaşdırır. Bu barədə ABŞ prezidenti Donald Tramp NATO sammitindən sonra keçirilən mətbuat konfransında məlumat verib.
"Baxın, biz gələn həftə İranla danışıqlar aparacağıq. Bəlkə də bir razılaşma imzalayacağıq", - deyə o bildirib.
"Məni razılaşmanın olub-olmaması maraqlandırmır. Biz onların nüvə proqramını məhv etdik", - deyə Tramp əlavə edib.
"Biz istənilən ölkə ilə sülh şəraitində münasibətlər qurmaq istəyirik. Amma bu, birbaşa ABŞ-la danışıqlar aparmaq istəyində olan İrandan asılı olacaq. Təkcə sülh danışıqlarında iştirak yox, həm də üçüncü və ya dördüncü ölkə vasitəsilə deyil, birbaşa danışıqlar aparmaqdan söhbət gedir", - mətbuat konfransında iştirak edən ABŞ dövlət katibi Marko Rubio vurğulayıb.