Ermənistanda “Srbazan Baqrat”a qarşı TERROR İTTİHAMI – Kilsə çevriliş planında
17:27 DünyaErmənistanda son günlərdə siyasi gərginlik fonunda daha bir sarsıdıcı məlumat yayılıb.
Ermənistan Baş Prokurorluğu və Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən yayılan açıqlamaya əsasən, tanınmış keşiş - arximandrit Baqrat Qalstanyan (ictimaiyyət arasında "Srbazan Baqrat" kimi tanınır) terror aktı hazırlamaqda və dövlət hakimiyyətini zorla ələ keçirməkdə ittiham olunur.
Təhlükəsizlik orqanlarının məlumatına əsasən, Qalstanyanla yanaşı iki dini fiqur - dikonlar Hrayr Akopyan və Aqasi Arşakyan da eyni ittihamlarla hüquqi məsuliyyətə cəlb olunublar. İttihamda göstərilir ki, adıçəkilən şəxslər əvvəlcədən planlaşdırılmış şəkildə 1000 nəfərdən ibarət "hazır qrup" yaradaraq, silahlı çevriliş ssenarisi üzərində işləyiblər.
Musavat.com ittihamın detallarını belə ümumiləşdirir:
- Qalstanyanın rəhbərliyi ilə kilsə daxilində formalaşan strukturun dövlət çevrilişinə hazırlıq gördüyü,
- Dikonların isə gənclər və keşişlər arasında ekstremist çağırışlar yaydığı və "dini zorakılıq" ritorikasını təşviq etdiyi bildirilib,
- MTX-ya görə, onların məqsədi konstitusiya quruluşunu devirmək və yeni rejim formalaşdırmaq olub.
Bu məlumat Ermənistan cəmiyyətində və siyasi dairələrində şok effekti yaradıb. Çünki Qalstanyan indiyədək daha çox dini rəhbər, milli ideyaların daşıyıcısı və müxalifətin mitinq simvolu kimi tanınıb. Onun açıq şəkildə terrorla və çevriliş planı ilə əlaqələndirilməsi ölkədə kilsə-dövlət münasibətlərinin gərginləşməsini və "dərin Ermənistan"ın açıq şəkildə ifşa olunmasını göstərir.
Ekspertlər bildirirlər ki, bu ittihamlar təkcə hüquqi məsələ deyil, həm də Ermənistanda din, oliqarxiya və keçmiş hərbi elita ilə dövlət arasında açıq qarşıdurmanın bariz nümunəsidir.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da kilsə rəhbərliyini "müqəddəs zorakılıq" çağırışları etməkdə, dövlətə qarşı yönəlmiş təbliğatda və xaos planlarında iştirakda günahlandırmışdı.
Hazırda Ermənistan MTX və Prokurorluq hadisə ilə bağlı istintaq aparır, kilsənin bəzi nümayəndələrinin ifadəsi alınır, "təhlükəli çevriliş planı"nın arxasında kimin dayandığı araşdırılır.