Tramp və NATO liderləri kollektiv müdafiəyə sadiqliklərini təsdiqləyiblər – ÖZƏL

ABŞ Prezidenti Donald Tramp və onun NATO üzrə müttəfiqləri Haaqada keçirilən qısa sammitin yekununda yayımlanan kommünikedə kollektiv müdafiəyə "sarsılmaz sadiqliklərini" təsdiqləyiblər. 

Olaylar.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb və sənədin surətini əldə etdiyini bildirib.

Sammit iştirakçıları həmçinin müdafiə xərclərinin artırılması barədə razılığa gəlib və Rusiyanı "uzunmüddətli təhlükə" kimi xarakterizə ediblər.

Lakin sənəddə nə Rusiya-Ukrayna müharibəsinə açıq tənqid yer alıb, nə də Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı hər hansı bəyanat verilib. Bu, ABŞ Prezidenti postunda Co Baydenin olduğu dövrlə müqayisədə mühüm fərq kimi dəyərləndirilir.

Cəmi beş bənddən ibarət olan yekun kommünikedə Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı yeganə qeyd belədir:
Müttəfiqlər Ukraynanın təhlükəsizliyini təmin etmək üçün müdafiə sənayesinə və birbaşa müdafiə dəstəyinə ediləcək töhfələrin NATO üzvlərinin ümumi müdafiə xərclərinə daxil ediləcəyini təsdiqləyirlər.

Sənəddə 32 üzv dövlətin liderləri tərəfindən təsdiqlənmiş birgə bəyanatda Vaşinqton müqaviləsinin 5-ci maddəsinə aydın şəkildə istinad edilib:
"Biz birimizə edilən hücumu hamımıza edilən hücum hesab edən kollektiv müdafiə prinsipinə sarsılmaz sadiqliyimizi təsdiqləyirik."

Bəyanatda həmçinin vurğulanıb: "Biz bir milyard vətəndaşımızı, Şimali Atlantika ittifaqını, azadlıq və demokratiyamızı qorumaqda birlik və qətiyyət nümayiş etdirməyə davam edəcəyik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31