Tramp:ABŞ-nin İranın nüvə obyektlərinə zərbələri İsrailin Qəzzadakı müharibədə irəliləyiş əldə etməsinə kömək edə bilər - ÖZƏL
16:09 DünyaABŞ-nin İranın nüvə obyektlərinə zərbələri İsrailə Qəzzadakı HƏMAS-la davam edən müharibədə irəliləyiş əldə etməyə yardım edə bilər. Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp NATO Baş katibi Mark Rutte ilə Haaqada keçirdiyi qısa mətbuat konfransında bildirib.
"Düşünürəm ki, Qəzzada böyük irəliləyiş əldə olunub. Bizim endirdiyimiz zərbələr sayəsində yaxın zamanda çox yaxşı xəbərlər olacaq," - deyə Tramp vurğulayıb.
Prezident Tramp əlavə edib ki, Qəzza münaqişəsində razılıq əldə etmək "çox yaxındadır": "Bu, müəyyən mənada kömək etdi, gücümüzü göstərdi. Həmçinin, bundan əvvəl biz Qəzzada razılığa çox yaxın idik."
Qeyd edək ki, 13 iyun tarixində İsrail İranın nüvə proqramını məhv etmək məqsədilə hərbi əməliyyatlara başlayıb. ABŞ isə 22 iyunda İranın Natanz, Fordo və İsfahan şəhərlərində yerləşən nüvə obyektlərinə zərbələr endirib. 24 iyun tarixində isə ABŞ Prezidenti Donald Tramp tərəflər arasında atəşkəs elan edib ki, bu da sonradan İran və İsrail tərəfindən təsdiqlənib.