Kral III Çarl Trampı dövlət səfəri ilə qəbul edəcək – ÖZƏL
15:32 DünyaBöyük Britaniya Kralı III Çarl ABŞ Prezidenti Donald Trampı bu ilin sonunda dövlət səfəri ilə qəbul edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Bukinhem sarayına istinadla məlumat yayıb.
Məlumata görə, Tramp Kral Çarlın dəvətini hələ fevral ayında qəbul edib və bununla da o, müasir dövrdə Britaniya monarxı tərəfindən iki dəfə dövlət səfəri ilə qəbul olunan ilk seçilmiş siyasi lider olacaq.
Bununla belə, hazırda Böyük Britaniya səfərin tarixini rəsmi olaraq açıqlamayıb. Qeyd olunur ki, səfər iki ölkə arasında mövcud olan yaxın münasibətlərə həsr olunacaq və ənənəvi dəbdəbə ilə müşayiət olunacaq.
"Zati-aliləri cənab Trampı uzun illərdir tanıyır və onu və birinci xanımı ilin sonunda qəbul etməyi səbirsizliklə gözləyir", - deyə sarayın nümayəndəsi bildirib.
Britaniyada dövlət səfərləri adətən Londonda karoca gəzintisi və təmtəraqlı rəsmi ziyafətlə müşayiət olunur. Ötən həftə Britaniya rəsmiləri ABŞ-yə səfər edərək, Ağ Evə rəsmi "Manu Regia" dəvət məktubunu təqdim ediblər. Bu məktub, səfərin dəqiq tarixinin təsdiqlənməsi və planlaşdırma prosesinin başlaması anlamına gəlir.