İran: İsraillə atəşkəs sazişi imzalanmayıb – ÖZƏL

İran İsraillə heç bir atəşkəs sazişi imzalamayıb. Olaylar.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəhbər müavini Səid Xətibzadə açıqlama verib.

Onun sözlərinə görə, İran yalnız İsrailin hərbi təcavüzü dayandırmasından sonra cavab zərbələrini müvəqqəti olaraq saxlayıb:
"Baş verən, sionistlərin təcavüzünün dayanması idi və bununla paralel olaraq İran, hərbi hazırlığını qorumaqla, hər hansı hücum həyata keçirməyəcək", - deyə o, "Mehr" agentliyinə bildirib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranın guya gizli hərbi-nüvə proqramını "dayandırmaq" məqsədilə hərbi əməliyyata başlayıb. Hədəf kimi nüvə obyektləri, hərbi bazalar, PVO sistemləri və tanınmış nüvə fizikləri seçilib. Cavab olaraq İran İsrail ərazisinə raket və zərbə PUA-ları ilə hücumlar həyata keçirib.

İyunun 22-də isə ABŞ-nin hərbi hava qüvvələri İranın Nətənz, Fordo və İsfahan şəhərlərində yerləşən nüvə obyektlərini bombalayıb. Vaşinqtonun açıqlamasına görə, bu hücumlar İranın nüvə proqramını məhv etmək və ya zəiflətmək məqsədi daşıyıb.

İran cavab olaraq iyunun 23-də Qətərdə yerləşən ABŞ-nin Əl-Udeyd bazasına zərbə endirib. Təhərandan Vaşinqtona bu hücum barədə bir neçə saat əvvəl diplomatik kanallarla xəbərdarlıq edilib.

İyunun 24-nə keçən gecə ABŞ Prezidenti bəyan edib ki, Tehran və Təl-Əviv atəşkəs barədə razılığa gəlib. Lakin İran tərəfi bunu rəsmən təsdiqləmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31