General-mayor ilk gündən "öldü" deyilmişdi, sağ olduğu belə ortaya çıxdı
10:47 Dünyaİran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" Qüvvələrinin komandiri, general-mayor İsmayıl Qaaninin öldüyü ilə bağlı yayılan iddialara son qoyulub.
Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, o, Tehranın İnqilab meydanında keçirilən "qələbə şənlikləri"ndə iştirak edərkən görüntülənib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın yaydığı məlumata görə, Qaani 12 günlük fasilədən sonra ilk dəfə ictimaiyyət qarşısında görünüb. O, İsraillə atəşkəsin əldə edilməsinin ardından təşkil olunan nümayişlərdə iştirak edib, vətəndaşlarla söhbət edib.
Kadrlarda Qaaninin mühafizəçiləri ilə birlikdə meydana daxil olduğu və əhali ilə ünsiyyət qurduğu əks olunub.
Xatırladaq ki, iyunun 13-də "The New York Times" qəzeti adı açıqlanmayan İran mənbələrinə istinadən general-mayor İsmayıl Qaaninin İsrailin hava hücumları nəticəsində həlak olduğunu iddia etmişdi. Həmin dövrdə nə İran tərəfi, nə də İsrail bu məlumatı rəsmi şəkildə təsdiqləmişdi.