Tramp NATO sammitində Yaxın Şərq böhranını əsas mövzulardan birinə çevirəcək- ÖZƏL
10:36 DünyaABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında nüvə proqramı ətrafında yaranmış qarşıdurmanı Haaqada keçirilən NATO sammitində əsas müzakirə mövzularından birinə çevirməyi planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə Politico nəşri Avropa və Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, sammitin ilkin gündəliyində yalnız bir əsas məsələ - NATO ölkələrinin hərbi xərclərinin ÜDM-in 5%-nə çatdırılması ilə bağlı yeni məcburi öhdəliklərin razılaşdırılması nəzərdə tutulmuşdu. Lakin ABŞ-nin İrandakı nüvə obyektlərinə endirdiyi zərbələr və Prezident Trampın İran-İsrail arasında atəşkəs rejiminin başladığını elan etməsindən sonra Yaxın Şərqdəki vəziyyət də əsas gündəm mövzusuna çevriləcək. Prezident Tramp bu məsələni sammit çərçivəsində keçiriləcək mətbuat konfransında geniş şəkildə şərh etməyi planlaşdırır və diqqəti ABŞ-nin "uğurlarına" yönəltmək niyyətindədir.
Qeyd edək ki, NATO sammiti Haaqada 24-25 iyun tarixlərində keçirilir.
Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Bundan az sonra İran cavab zərbələri endirib. ABŞ isə eskalasiyadan doqquz gün sonra - 22 iyun gecəsi İranda yerləşən üç nüvə obyektinə (Fordo, Natanz və İsfahan) hücum edib. 23 iyun axşamı isə İran Qətərdə yerləşən ABŞ-ə məxsus ən böyük aviabaza olan Əl-Udeydə raket zərbəsi endirib. ABŞ rəsmilərinin bildirdiyinə görə, hücum nəticəsində xəsarət alan olmayıb və ciddi zərər qeydə alınmayıb.
Tramp 23 iyun tarixində - Əl-Udeyd bazasına hücumdan dərhal sonra açıqlama verərək, İran və İsrailin atəşkəsə razılaşdığını və hərbi qarşıdurmanın mərhələli şəkildə dayandırılacağını bəyan edib. İsrail tərəfi ABŞ-nin təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün hərbi məqsədlərin yerinə yetirildiyini açıqlayıb. İran isə İsrailin birtərəfli qaydada geri çəkilməyə məcbur qalmasını qələbə kimi qiymətləndirib.