Rutte: “Rusiya Ukraynada tətbiq olunan hərbi yeniliklərə 2-3 həftəyə uyğunlaşır”- ÖZƏL

Rusiya Ukraynada tətbiq olunan bütün hərbi yeniliklərə cəmi 2-3 həftəyə uyğunlaşır və onları mənimsəyir. Olaylar.az xəbər verir ki,  bu barədə NATO-nun baş katibi Mark Rutte NATO sammiti ərəfəsində Haaqada keçirilən İctimai Forumda çıxışı zamanı bildirib. O, bir daha Rusiyaya qarşı mümkün qarşıdurmaya hazırlaşmaq zərurətini vurğulayıb.
"Rusiya 2-3 həftəyə ona qarşı ukraynalılar tərəfindən tətbiq olunan hər şeyi mənimsəyir. Bu, onların öyrənmə dövriyyəsinin sürətidir", - deyə Rutte bildirib. - "Bu bizi, NATO olaraq, son 3,5 il ərzində malik olduğumuz bütün əsas hərbi konsepsiyalara yenidən baxmağa məcbur edir."
Onun sözlərinə görə, NATO "müharibənin bütün dərslərini mənimsəyir" və alyans "Ukraynada baş verən hər şeyi gündəlik olaraq öyrənir".
Son aylarda Mark Rutte çıxışlarında Rusiyanın ordusunu və hərbi-sənaye kompleksini tez-tez tərifləyir. O, demək olar ki, hər dəfə vurğulayır ki, Rusiya 3 ay ərzində o qədər mərmi istehsal edir ki, bu miqdar NATO ölkələrinin bir ildə istehsal etdiyinə bərabərdir. Müşahidəçilər bu açıqlamalarda Qərb siyasətçilərini Rusiyayla yaxın perspektivdə baş verə biləcək münaqişə ilə qorxutmaq və NATO-nun hərbi xərclərinin artırılması planlarına dəstək qazanmaq cəhdi görürlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31