Zelenski: “Ukraynanın NATO-ya üzvlüyü bu gün mümkün deyil”- ÖZƏL

Ukrayna Prezidenti Volodimir Zelenski etiraf edib ki, hazırkı şəraitdə ölkəsinin NATO-ya üzv olması mümkün deyil. Olaylar.az xəbər verir ki,  bu barədə o, Sky News telekanalına verdiyi müsahibədə danışıb.
"Hazırda bu, mümkün deyil", - deyə Zelenski Ukraynanın alyansa üzv ola bilməsi ilə bağlı suala cavab verərkən bildirib.
Bununla yanaşı, o, Kiyevin NATO-ya üzvlük ideyasından tamamilə imtina edib-etməməsi sualından yayınıb. Zelenski bir daha təkrarlayıb ki,  NATO üçün Ukrayna kimi bir müttəfiqə sahib olmaq sərfəlidir.
Qeyd edək ki, NATO-nun növbəti sammiti 24-25 iyun tarixlərində keçiriləcək. Sammitdə 45-ə yaxın ölkə və hökumət başçısının, eləcə də xarici işlər və müdafiə nazirlərinin iştirakı gözlənilir. Tədbirə ümumilikdə 6 minə yaxın nümayəndənin qatılacağı bildirilir.
Politico qəzetinin Avropa diplomatik mənbələrinə istinadla yaydığı məlumata görə, Ukrayna bu sammitdən sonra Qərbdən nə əlavə hərbi yardım, nə də hava hücumundan müdafiə sistemləri daxil olmaqla silah alacaq. Almaniya hökumətindən verilən məlumata əsasən, Ukraynanın NATO-ya üzvlüyü sammitin əsas gündəmində yer almayacaq. Bildirilir ki, bu məsələdə alyans daxilində konsensus yoxdur.
Brüsseldə yerləşən European Policy Centre analitik mərkəzinin eksperti Pol Teylorun fikrincə, sammitin yekun bəyanatında nə Ukraynanın, nə də Gürcüstanın NATO-ya daxil ediləcəyi ilə bağlı öhdəlik yer almayacaq.
Qeyd edək ki, Ukrayna hakimiyyəti uzun müddətdir NATO-ya üzv olmaq istəyini açıq şəkildə bəyan edirdi. Bu məsələ ilə bağlı bəzi Avropa liderlərinin ehtiyatlı yanaşmalarına isə Kiyev sərt açıqlamalarla cavab verirdi. Lakin son aylarda rəsmi Kiyevin ritorikasında yumşalma müşahidə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31