İran: ABŞ yenidən hücum etsə, cavab daha sərt olacaq – ÖZƏL
24 İyun 12:05 Dünyaİran parlamentinin üzvü Əhməd Əcam bildirib ki, əgər ABŞ yenidən İrana hücum edərsə, cavab daha genişmiqyaslı və təsirli olacaq.
Olaylar.az xəbər verir ki, bu barədə İran parlamentinin mətbuat xidməti məlumat yayıb.
"'Qələbə Müjdəsi' əməliyyatı ABŞ-nin hərəkətlərinə nisbətən proporsional cavab idi. Biz onların davranışlarını izləyirik. Əgər yenidən hücum etsələr, əməliyyatın miqyasını genişləndirəcəyik, çünki daha vacib və böyük hədəflərimiz var", - deyə Əcam vurğulayıb.
Xatırladaq ki, iyunun 13-də səhər saatlarında İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən 24 saat sonra İran cavab zərbəsi endirib. 9 gün sonra, iyunun 22-də ABŞ döyüş təyyarələri İranda yerləşən üç nüvə obyektinə hücum edərək münaqişəyə qoşulub. Ertəsi axşam İran Qətərdəki Əl-Udeyd ABŞ hərbi bazasına raket zərbəsi endirib. ABŞ rəsmilərinin açıqlamasına görə, hücum nəticəsində itki və ciddi ziyan qeydə alınmayıb.
İyunun 24-də ABŞ Prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəs barədə razılığa gəldiklərini elan edib. İsrail rəsmiləri ABŞ-nin təklifini qəbul etdiklərini və İrana qarşı əməliyyat zamanı qarşılarına qoyulan bütün vəzifələrin yerinə yetirildiyini açıqlayıblar.