Tramp Netanyahudan hücumları dayandırmağı tələb edib – “İran artıq zəifləyib”- ÖZƏL
10:30 DünyaABŞ prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs elan edilməzdən öncə İsrailin baş naziri Benyamin Netanyahuyə zəng edərək bütün hərbi əməliyyatları dayandırmağı tələb edib. Olaylar.az xəbər verir ki, bu barədə NBC News-un Ağ Evdəki yüksək vəzifəli rəsmiyə istinadla məlumat yayıb. Tramp bu zəngdə belə deyib: "Artıq heç bir müharibə, heç bir döyüş olmasın. İranlılar xeyli zəifləyiblər."
Trampın bu təşəbbüsü ilə yanaşı, ABŞ-nin milli təhlükəsizlik komandası da vasitəçilər vasitəsilə Tehrana mesajlar göndərib. Mesajlarda İrandan İsrailə qarşı hücumları dayandırmaq və atəşkəslə razılaşmaq tələb olunub.
Bundan əvvəl Tramp Qətər əmiri Şeyx Təmim bin Həmad Al Taniyə də zəng edərək Tehrana təsir göstərməsi üçün ona müraciət edib. NBC News-un məlumatına görə, Tramp hər iki tərəfi atəşkəsin vacibliyinə razı salmağı bacarıb.
Donald Tramp bəyan edib ki, İran və İsrail onun açıqlamasından təxminən altı saat sonra - Bakı vaxtı ilə saat 07:00-da atəşkəsin icrasına başlayacaqlar. İlkin olaraq Tehranın hücumları dayandıracağı, 12 saat sonra isə İsrailin buna qoşulacağı bildirilib. Tramp əlavə edib: "24-cü saatda dünya 12 günlük müharibənin başa çatmasını qeyd edəcək."