NATO rəhbəri: “Rusiya bu gün hücum etsə, cavabımız dağıdıcı olacaq” – ÖZƏL

NATO-nun yeni baş katibi Mark Rutte Alyans sammiti öncəsi keçirdiyi mətbuat konfransında Rusiyanın mümkün təhdidlərinə və NATO-nun gələcək planlarına dair mühüm açıqlamalar verib. O bildirib ki, alyans daxilində geniş yayılmış mövqeyə görə, əgər Rusiya bu gün NATO ölkələrindən birinə hücum etsə, cavab son dərəcə dağıdıcı olacaq və Kreml də bu riski anlayır.

Olaylar.az xəbər verir ki, bu fikirləri Rutte, Rusiyanın yaxın beş il ərzində Finlandiya və Baltikyanı ölkələrə hərbi müdaxilə ehtimalı barədə verilən sualı cavablandırarkən səsləndirib. O qeyd edib ki, son həftələrdə Almaniya Müdafiə Qüvvələrinin rəhbəri də daxil olmaqla, bir çox yüksək səviyyəli hərbi və kəşfiyyat rəsmiləri Rusiyanın qarşıdakı 3-5-7 il ərzində NATO-ya qarşı uğurlu hücumlar həyata keçirə biləcəyi ilə bağlı xəbərdarlıq ediblər. Bu isə Alyansın müdafiə sahəsinə təcili və əhəmiyyətli şəkildə sərmayə yatırmasının vacibliyini ortaya qoyur.

"Bizə yalnız bu gün deyil, həm də qarşıdakı illərdə - 3, 5, 7 və 10 ildən sonra da güclü və hazırlıqlı NATO lazımdır. Bu məqsədlə əlavə xərclər qaçılmazdır. Biz daha çox əsgər cəlb etməli, müasir hərbi texnika almalı və bu ehtiyacları inflyasiyasız qarşılamağın yollarını tapmalıyıq", - deyə o əlavə edib.

Mark Rutte çıxışında yalnız Rusiya deyil, həm də Çinin artan hərbi potensialına diqqət çəkib. Onun sözlərinə görə, Çin Xalq Azadlıq Ordusunun donanması artıq ABŞ donanması ilə eyni sayda gəmiyə malikdir və 2030-cu ilə qədər bu rəqəm 450-yə çatacaq. Eyni zamanda Çin həmin vaxta qədər 1000 nüvə başlığına sahib olmağı planlaşdırır.

"Biz həm Rusiyadan, həm də Çindən gələn risklərə qarşı güclü və davamlı müdafiə mexanizmləri qurmalıyıq. Bu, NATO-nun sabitliyi və üzv ölkələrin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır", - deyə Rutte bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31