Karapolov: İran ABŞ obyektlərinə zərbə endirmək ehtimalı azdır- ÖZƏL
15:20 Dünyaİran Yaxın Şərqdəki münaqişədə müqavimətini davam etdirəcək, lakin ABŞ-nin obyektlərinə zərbə endirməsi ehtimalı çox azdır. Olaylar.az xəbər verir ki, u fikri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Karapolov "Zvezda" telekanalına açıqlamasında səsləndirib.
Deputatın sözlərinə görə, Tehran artıq heç bir sülh danışıqlarına meylli deyil, çünki bu cəhdlərin nəticə verməyəcəyini və aldanacağını anlayır. "Ona görə də İran müqavimətini davam etdirəcək, lakin ABŞ obyektlərinə zərbə endirməsi ehtimalı azdır. Amma İsrailə qarşı hücumlarını davam etdirəcək. Bu istiqamətdə onların zərbələri kifayət qədər effektivdir - demək olar ki, hər raket atışının yarısı hədəfə dəyir. İsrail yaxın günlərdə bunun nəticəsini daha dərindən hiss edəcək", - deyə Karapolov bildirib.
O, ABŞ-nin İran ərazisinə endirdiyi zərbələrin beynəlxalq nizam üçün ciddi təhlükə yaratdığını da vurğulayıb. "Özlərini güclü sayanlar istədiklərini edə bilərlər. Hətta Qərbin əvvəllər bəhs etdiyi qaydalar belə artıq işləmir və nəzərə alınmır", - deyə deputat əlavə edib.
Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Bir sutka keçmədən İran cavab zərbələri endirib. Qarşılıqlı hücumlar davam edir, hər iki tərəf ölən və yaralananlar barədə məlumat yayıb.
ABŞ isə münaqişənin alovlanmasından doqquz gün sonra birbaşa müharibəyə qoşulub - iyunun 22-nə keçən gecə Amerikanın bombardmançı təyyarələri İranda yerləşən üç nüvə obyektini - Fordo, Natanz və İsfahanı bombalayıb.