NATO sammitində Yaxın Şərq münaqişəsi rəsmi müzakirə olunmayacaq- ÖZƏL
23 İyun 14:41 DünyaNATO-nun Haaqa şəhərində keçiriləcək sammitində İsrail, ABŞ və İran arasında baş verən Yaxın Şərq münaqişəsi rəsmi gündəlikdə yer almayacaq. Olaylar.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamyş məlumat verib.
Nazirin sözlərinə görə, bu mövzu daha çox sammitin açılışında keçiriləcək nahar zamanı və kuluar söhbətlərində müzakirə olunacaq:
"[Yaxın Şərqdəki münaqişə] daha çox dövlət və hökumət başçılarının görüşündən əvvəl keçiriləcək qeyri-rəsmi nahar zamanı müzakirə mövzusu olacaq. Çox güman ki, bu barədə işçi sessiyalarda deyil, daha çox kuluarlarda danışılacaq. Çünki bu vəziyyətə NATO heç bir şəkildə cəlb olunmayıb", - deyə Kosinyak-Kamyş TVP Info kanalına verdiyi brifinqdə bildirib.
Qeyd edək ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Bundan az sonra İran cavab zərbəsi endirib. Hər iki tərəf hücumlar nəticəsində ölən və yaralananların olduğunu, bir sıra obyektlərin hədəfə alındığını açıqlayıb. ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra - 22 iyun gecəsi İranda yerləşən Fordo, Natanz və İsfahan şəhərlərindəki üç nüvə obyektinə zərbə endirərək hərbi əməliyyatlara qoşulub.