ABŞ İranı hansı raketlə vurdu? – Sensasion hücumun təfərrüatları

İyunun 22-də ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi raket zərbələri dünya gündəmini silkələdi.

Musavat.com xəbər verir ki, bu hücumda istifadə olunan silahlar və məqsədli obyektlər artıq bəlli olub. Əldə olunan rəsmi və media məlumatlarına əsasən, bu, son illərin ən texnoloji və strateji hücumlarından biri sayılır.

Hücum zamanı əsasən iki növ silahdan istifadə olunub: GBU‑57 "Massive Ordnance Penetrator" (MOP) bombası və Tomahawk kruiz raketləri. GBU‑57 ABŞ ordusunun ən böyük və ən dağıdıcı "bunker-buster" silahıdır.

15 ton ağırlığında olan bu bomba yerin dərin qatlarında yerləşən nüvə obyektlərini və möhkəmləndirilmiş sığınacaqları məhv etmək üçün nəzərdə tutulub.

Həmin gecə Fordov və Natanz nüvə obyektlərinə ümumilikdə 14 ədəd belə bombanın atıldığı bildirilir. Bu, ilk dəfədir ki, GBU‑57 real döyüş şəraitində tətbiq edilir.

Eyni zamanda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıqlardan və gəmilərdən təxminən 30 ədəd Tomahavk tipli raketi buraxılıb. Bu raketlər əsasən İsfahan və Natanz bölgələrindəki yerüstü obyektləri hədəf alıb. Uzaq məsafədən dəqiq zərbə endirə bilən Tomahavk raketləri İranın hava hücumundan müdafiə sistemlərini keçərək infrastrukturun ciddi şəkildə zədələnməsinə səbəb olub.

Hücum "Operation Midnight Hammer" (Gecə çəkici) adlı genişmiqyaslı əməliyyat çərçivəsində həyata keçirilib. Əsas məqsəd İranın nüvə silahı istehsalını ləngitmək və regionda hərbi güc balansını dəyişmək olub. ABŞ-ın bu hücumla verdiyi mesaj həm də strateji texnologiya ilə üstünlük nümayiş etdirmək idi.

Ekspertlər hesab edirlər ki, əməliyyat nəticəsində İranın nüvə proqramı illərlə geriyə salınıb. Tehran isə buna cavab olaraq qisas alınacağını bəyan edib. Beynəlxalq təşkilatlar və bir sıra ölkələr tərəfləri təmkinə çağırsa da, regionda gərginlik daha da artır.

ABŞ-ın İrana qarşı istifadə etdiyi GBU‑57 bombaları və Tomahak raketləri, bu əməliyyatı müasir hərb tarixinin ən mürəkkəb və hədəfyönlü hava hücumlarından birinə çevirib. İndi dünya növbəti addımın nə olacağını gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31