Tehran: “Yadellərin hücumlarına baxmayaraq, nüvə proqramımız davam edəcək!”
08:13 DünyaMusavat.com xəbər verir ki, İranın Atom Enerjisi Təşkilatı ABŞ və İsrailin bu gün səhər saatlarında İslam Respublikasının əsas nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq mühüm açıqlama yayıb. Rəsmi Tehran bildirir ki, Natanz, Fordo və İsfahan şəhərlərində yerləşən strateji obyektlər "düşmənlərin hücumuna məruz qalıb". Bununla belə, İran hakimiyyəti qeyd edib ki, bu zərbələr ölkənin nüvə proqramının inkişafını dayandırmayacaq.
İranın Atom Enerjisi Təşkilatı dünyaya mesaj verərək bildirib:
"Biz beynəlxalq ictimaiyyətdən bu hücumlara görə ABŞ-ı və onun müttəfiqlərini qınamasını gözləyirik. Bu, beynəlxalq hüququn açıq-aşkar pozulması və suveren dövlətin enerji infrastrukturuna qarşı həyata keçirilmiş təxribatdır."
Bu arada BMT-nin baş katibi Antoniu Quterreş də məsələyə sərt reaksiya verib. O, ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələri "təhlükəli eskalasiya" və beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdid adlandırıb.
Tehran isə beynəlxalq ictimaiyyəti diqqətli olmağa çağıraraq bildirib ki, İranın qarşılaşdığı təzyiqlər və zərbələr "siyasi manipulyasiyanın və hegemon güclərin diktəsinin nəticəsidir".
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın əmri ilə həyata keçirilən bu hücumlar nəticəsində İranın ən mühüm nüvə təsislərinə ağır zərbələr endirilib. Tramp Fordo obyektinin tamamilə bombalandığını bəyan edib. Bununla yanaşı, ABŞ administrasiyası CBS-ə verdiyi açıqlamada Tehrana öncədən xəbərdarlıq etdiklərini, rejim dəyişikliyi məqsədi güdmədiklərini iddia etmişdi.
Lakin İran rəsmilərinin "bizə ciddi zərər dəyməyib, obyektlər boşaldılmışdı" şəklindəki reaksiyaları və ABŞ-ın ehtiyatla atdığı addımlar bu hadisənin tammiqyaslı müharibədən çox kontrollü siyasi mesaj xarakteri daşıdığına dair suallar doğurur.
Musavat.com-un analitikləri hesab edir ki, bu proseslər "danışılmış qarşıdurma" ola bilər. Çünki nə Vaşinqton, nə də Tehran hazırda rejim dəyişikliyi və ya genişmiqyaslı müharibə istəmir. Buna görə də bu zərbələr həm daxili auditoriyalara mesaj, həm də beynəlxalq müstəvidə güc nümayişidir.