İran rəsmisindən ŞOK ETİRAF: Bütün komandirlər bir saat ərzində öldürülüb

İranda genişmiqyaslı kəşfiyyat məlumatlarının sızması baş verib və bunu danmaq olmaz.

Musavat.com xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Qalibafın baş müşaviri Mehdi Məhəmmədi açıqlama verib.

Onun sözlərini "The New York Times" sitat gətirib.

"Bütün yüksək rütbəli komandirlərimiz bir saat ərzində öldürüldü", - deyə o əlavə edib.

Müşavirin sözlərinə görə, əsas səhv ondan ibarət olub ki, İran İsrailin əməliyyatçılarının ölkənin müxtəlif bölgələrinə raket və dronlar yerləşdirməklə bağlı aylardır hazırladığı hücum planlarını vaxtında aşkara çıxara bilməyib.

BBC yazır ki, əgər Fələstin bölməsinin komandiri, SEPAH-ın (İranın İslam İnqilabı Keşikçiləri Korpusu) yüksək rütbəli zabiti Səid İzadinin və SEPAH-ın silah və maliyyə qaçaqmalçılığı ilə məşğul olan "190-cı bölmə"nin rəhbəri Behnam Şəhriyarinin öldürüldüyü təsdiqlənsə, bu, SEPAH üçün ciddi zərbə olacaq.

İzadi şiələr üçün müqəddəs olan Qum şəhərindəki mənzilində hücuma məruz qalıb. Şəhriyari isə İranın qərbində avtomobilində gedərkən pilotsuz uçuş aparatlarının hücumuna tuş gəlib. Bu hücumlar son bir həftə ərzində İranın yüksək rütbəli hərbçilərinin ard-arda qətlə yetirilməsinin davamı kimi, ölkənin kəşfiyyat orqanlarının ciddi zəifliyini üzə çıxarır.

Həmçinin bu hadisələr göstərir ki, İsrailin "Mossad" kəşfiyyat agentliyi İranın təhlükəsizlik sisteminə hansı dərəcədə nüfuz edə bilib.

İranda yüksək səviyyəli və güclü şəkildə qorunan rəsmilərin belə hədəfə alınması yalnız yerli agentura və mürəkkəb elektron izləmə texnologiyalarının birgə istifadəsi ilə mümkün ola bilər.

Bundan illər əvvəl İranın sabiq kəşfiyyat naziri Əli Yunusi bildirib ki, sabiq prezident Həsən Ruhani Ali dini lider Əli Xameneiyə xəbərdarlıq edərək deyib ki, "Mossad" bizə qulaqlarımızdan daha yaxındır". Bu bəyanat indi həmişəkindən daha aktual görünür.

"The New York Times" qeyd edir ki, hazırda İran rəhbərliyini əsasən üç məsələ narahat edir: Ali dini lider Əli Xameneiyə qarşı sui-qəsd ehtimalı, ABŞ-ın müharibəyə cəlb olunması və İranın kritik infrastrukturlarına, elektrik stansiyaları, neft və qaz emalı zavodları, eləcə də su bəndlərinə qarşı dağıdıcı hücumlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31