Lukaşenko ABŞ nümayəndəsi ilə görüşdü: “Dialoq aparmaq niyə qəribə qarşılanır?” – ÖZƏL

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq ilə görüş keçirib. 

Olaylar.az xəbər verir ki, görüş barədə Belarusun rəsmi informasiya agentliyi BelTA məlumat yayıb.

Tərəflər arasında keçirilən danışıqlarda beynəlxalq məsələlər, regional təhlükəsizlik və Belarus-ABŞ münasibətləri müzakirə olunub.

"Dünyada gəlişiniz böyük səs-küyə səbəb olub. Amma mən təəccüblənirəm, niyə belə? Məgər biz normal dialoq apara, münasibətlərimiz barədə danışa bilmərikmi?" - deyə Lukaşenko bildirib.

O, general Kelloqu salamlayaraq, "Çox şadam ki, sizinlə görüşürəm. Ümid edirəm ki, söhbətimiz səmimi və açıq olacaq. Əgər bir-birimizə hiylə işlətmək fikrindəyiksə, bu görüşün mənası yoxdur", - sözlərini əlavə edib.

Öz növbəsində Kit Kelloq səmimi qarşılanmaya görə təşəkkür edərək bildirib: "Biz çox təhlükəli dövrdə yaşayırıq. Əgər müdriklik və ədalət göstərməsək, qarşılaşdığımız böhranlar sürətlə gərginləşə və genişlənə bilər."

Lukaşenko isə cavabında əmin edib: "Cənab general, siz Belarus ərazisində tam təhlükəsiz olacaqsınız. Bu müddət ərzində nə ölkəmizdə, nə də ətrafımızda heç bir eskalasiya baş verməyəcək."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31