Almaniya siyasətçisi Mertsi Putinə danışıq aparmağa çağırır- ÖZƏL

Almaniyanın "Sol" Partiyası və "Almaniya üçün Alternativ" (AfD) partiyası kansler Fridrix Mertzi Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıq aparmağa çağırıblar. Bu çağırış Putinin Almaniya hökuməti ilə əlaqələrə açıq olduğunu bildirməsindən sonra səsləndirilib.
 Olaylar.az xəbər verir ki,  Bundestaqda Sol Partiyanın fraksiya həmsədri Sören Pellman "Neue Berliner Redaktionsgesellschaft" media qrupuna müsahibəsində bildirib ki, belə bir danışıq liderlər arasında dialoqun başlanğıcı ola bilər. Onun sözlərinə görə, Almaniya hökuməti Ukrayna müharibəsinin diplomatik yolla həllinə yetərincə cəhd göstərməyib. Pellman deyib: "Əgər insanların ölümünə son qoymaq üçün cüzi bir şans varsa, biz bu fürsəti dəyərləndirməli və bu istiqamətdə addım atmalıyıq."
"Almaniya üçün Alternativ" partiyasının xarici siyasət üzrə eksperti Markus Fronmayer isə kansler Mertzi məsələni "məzmunlu və məsuliyyətli şəkildə" qiymətləndirməyə çağırıb. O vurğulayıb: "Əgər Prezident Putin açıq şəkildə danışıqlara hazır olduğunu bildirirsə, bu, gözardı edilməməli, əksinə mümkün diplomatik impuls kimi dəyərləndirilməlidir."
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu fikirləri Sankt-Peterburqda TASS agentliyinin təşkil etdiyi və dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə görüşündə səsləndirib. O, Almaniya ilə əlaqələri davam etdirməyə hazır olduqlarını və bunun üçün Almaniya kanslerinin də istəkli olmasının vacib olduğunu qeyd edib.
Bu görüş Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində baş tutub. Forum 18-21 iyun tarixlərində keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31