İran ABŞ-ni Fars körfəzindəki bazalarına zərbə ilə hədələyib – ÖZƏL

Olaylar.az xəbər verir ki, The Washington Post qəzetinin Avropalı diplomatlara istinadla verdiyi məlumata görə, bu həftə Qətər hakimiyyətinə İran tərəfindən xəbərdarlıq edilib. Bildirilib ki, əgər ABŞ Tehrana qarşı hərbi əməliyyata başlayarsa, İran ABŞ-nin Fars körfəzində yerləşən hərbi bazalarına zərbə endirə bilər. Bu bazalardan ən böyüklərindən biri Qətərin paytaxtı yaxınlığında yerləşir.

ABŞ-nin regiondakı ən böyük Hərbi Hava Qüvvələri bazası olan Əl-Udeyd bazası Qətər ərazisində yerləşir və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) ön komanda mərkəzi kimi fəaliyyət göstərir. Bu bazada təxminən 10 min hərbçi yerləşir.

Qəzet yazır ki, ABŞ İsrailin İrana qarşı hərbi əməliyyatına qoşularsa, İranın hədəfində təkcə Fars körfəzi deyil, bütövlükdə Yaxın Şərqdəki ABŞ hərbi bazaları və diplomatik missiyaları ola bilər. Eyni zamanda, İranı dəstəkləyən radikal islamçı qrupların da hücumlar həyata keçirməsi istisna olunmur.

The Washington Postun mümkün İran hücumlarının qarşısının alınması ilə bağlı sualına cavab olaraq Pentaqon ABŞ Müdafiə naziri Pit Hegsethin bölgədə əlavə hərbi imkanların yerləşdirildiyini qeyd etdiyi açıqlamasına istinad edib.

Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkə əmiri Şeyx Təmim bin Həməd Al Tani bu yaxınlarda İran prezidentindən məktub alıb, lakin məktubun məzmunu açıqlanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31