İran–İsrail müharibəsində Çinin mövqeyi: "Tamaşaçı qala bilmərik!"

İran ilə İsrail arasında baş verən qarşıdurma getdikcə qlobal miqyas alır. ABŞ İsraili açıq şəkildə dəstəklədiyi bir vaxtda, İranın strateji tərəfdaşı olan Çin bu münaqişə ilə bağlı sərt və tənqidi mövqe sərgiləyib.

Olaylar xəbər verir ki, Pekin administrasiyası açıqlamasında bildirib ki, "İsrail-İran münaqişəsinin gərginləşməsini seyr etməyəcəyik".

Məlumata görə, Çin münaqişənin ilk günlərində İrana üç hərbi yük təyyarəsi göndərib. Bu təyyarələrin hərbi texnika daşıdığı güman olunur.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirilən mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın "Truth Social" sosial şəbəkəsində İran lideri Əli Xamneyi barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Tramp paylaşımında "Onun harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, amma orada təhlükəsizdir. Biz onu ən azından indilik yox etməyəcəyik" deyə yazıb. Daha sonra isə "İran qeyd-şərtsiz təslim olmalıdır" ifadəsini işlədib.

Çin rəsmisi bu bəyanatlara cavab olaraq qeyd edib ki, BMT Nizamnaməsinin prinsiplərinə zidd olaraq hər hansı bir dövlətin suverenliyinə və ərazi bütövlüyünə qarşı çıxmaq qəbuledilməzdir. Quo İsrail üzərində xüsusi təsiri olan ölkələri, xüsusilə ABŞ-ni ədalətli, obyektiv və məsuliyyətli davranmağa çağırıb.

Münaqişənin intensivləşməsi fonunda Çin hökuməti təhlükəsizlik məqsədilə təxliyə əməliyyatı həyata keçirib. Çin Xarici İşlər Nazirliyi məlumat verib ki, İrandakı 791 Çin vətəndaşı qonşu ölkələrin dəstəyi ilə təhlükəsiz bölgələrə köçürülüb.

Eyni zamanda, İsraildəki Çin vətəndaşlarının da vəziyyəti yaxından izlənilir. Təhlükəsizlik tədbirləri çərçivəsində Çin hökuməti regionda yaşayan vətəndaşlarını ehtiyatlı olmağa və lazım gəldikdə təxliyə tədbirlərində iştirak etməyə çağırıb.

Gərginliyin daha da dərinləşməsi dünya ictimaiyyəti üçün regional deyil, qlobal təhlükə yarada bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31