İsrail dron zərbələri ilə iki Hizbullah komandirini zərərsizləşdirib
19 İyun 12:14 Dünyaİsrailin Livanın cənubuna endirdiyi dron zərbələri nəticəsində Hizbullahın iki komandiri zərərsizləşdirilib.
Olaylar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Öldürülən komandirlərdən birinin Hizbullahın Şeba bölgəsinin tank-əleyhinə bölməsinin komandiri Muhəmməd Əhməd Xreys olduğu və onun Nəbatiyə adlı əraziyə endirilmiş dron zərbəsi nəticəsində həlak olduğu bildirilir.
"Müharibə zamanı terrorçu İsrailə qarşı bir sıra hücumlar, o cümlədən 2024-cü il aprelin 26-da Dov dağında həyata keçirilən və İsrail Müdafiə Qüvvələrinin mülki podratçısı Şərif Səvadiyin həlak olması ilə nəticələnən tank əleyhinə raket hücumunu həyata keçirmişdi", - IDF məlumatında qeyd olunur.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran "Həqiqi Vəd III Əməliyyatı" ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.