Fordow nüvə obyektini yalnız ABŞ dağıda bilər – NYP – ÖZƏL
16:56 Dünyaİsrailin İranın dağ altında yerləşən Fordow nüvə obyektini məhv etməsi üçün yalnız ABŞ-nin sahib olduğu ağır "GBU-57A/B" bombasına ehtiyacı var.
Olaylar.az xəbər verir ki, bu barədə New York Post silah mütəxəssislərinə istinadla məlumat yayıb.
Obyekt təxminən 90 metr dərinlikdə yerləşdiyindən, yalnız yerə nüfuz etdikdən sonra partlayan xüsusi bomba ilə dağıdıla bilər. "Bunları yalnız ABŞ təyyarələri daşıya bilər və bu bombalar da yalnız ABŞ-yə məxsusdur," - deyə West Point Hərbi Akademiyasının mütəxəssisi Con Spenser bildirib.
İsrailin hava qüvvələri bu bombanı daşıya biləcək B-2 Spirit tipli təyyarələrə malik deyil. Wall Street Journalın məlumatına görə, 2013-cü ilə qədər bu bombalardan ABŞ üçün 20 ədəd istehsal olunub və Vaşinqton onları İsrail də daxil olmaqla, heç bir müttəfiqi ilə paylaşmayıb.
Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İsrailin hava zərbəsindən sonra Natanzdakı nüvə obyektinin zədələndiyini təsdiqləyib. Lakin Esfahan və Fordow obyektlərində dəyişiklik müşahidə olunmayıb. İyunun 13-də İsrailin başlatdığı hərbi əməliyyata İran 24 saat keçmədən cavab verib. Hər iki tərəf itkilər və obyektlərin vurulmasını etiraf edib.