BMT-nin İnsan Hüquqları Ofisi İran və İsraili təcili danışıqlara və gərginliyin azaldılmasına çağırdı- ÖZƏL
15:37 DünyaBMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisi (OHCHR) İran və İsrail arasında qarşılıqlı hücumların dayandırılması üçün gərginliyin azaldılmasına və təcili diplomatik danışıqlara çağırış edib. Olaylar.az xəbər verir ki, bu barədə qurumun Ali Komissar müavini Nada əl-Naşif İnsan Hüquqları Şurasının 16 iyun - 9 iyul tarixlərində Cenevrədə keçirilən 59-cu sessiyasında çıxışı zamanı bildirib.
"İnsan Hüquqları üzrə Ali Komissarlığın Ofisi bu hücumlara son qoymaq və mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün gərginliyin azaldılmasını və təcili diplomatik danışıqların başlanmasını vacib hesab edir," - deyə əl-Naşif vurğulayıb.
O qeyd edib ki, qurum İran və İsrail ətrafında yaranmış vəziyyəti diqqətlə izləyir. "Bəzi hücumların sıx məskunlaşmış ərazilərdə baş verməsi və mülki şəxslərin həlak olması ilə bağlı məlumatlar ciddi narahatlıq doğurur," - deyə o əlavə edib. Əl-Naşif beynəlxalq arenada təsir imkanlarına malik bütün tərəfləri danışıqlara dərhal başlamağa çağırıb.