“Əgər ABŞ birbaşa qarışsa, cavabımız sərt olacaq” – İran BMT-də Vaşinqtonu açıq şəkildə hədələdi

İran Birləşmiş Ştatlara xəbərdarlıq edib: əgər ABŞ İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlara birbaşa müdaxilə edərsə, Tehranın cavabı çox sərt və qətiyyətli olacaq. 

Olaylar.az xəbər verir ki, bu barədə İranın BMT-dəki Cenevrə nümayəndəsi Əli Bəhrəyini mətbuat qarşısında açıqlama verib.

"Biz xalqımızı, təhlükəsizliyimizi və torpağımızı müdafiə etməkdə tərəddüd etməyəcəyik. Cavabımız ciddi və amansız olacaq," - deyə səfir bildirib. O həmçinin qeyd edib ki, ABŞ İsrailin etdiklərinə birbaşa şərikdir və bu mövqe Tehrana qarşı açıq düşmənçilik aktı kimi qəbul olunur.

İsrail cümə günü İran əleyhinə tarixindəki ən geniş hava hücumlarını başladığını elan edib. Təl-Əviv bildirib ki, İslam Respublikasının nüvə silahı əldə etməyə çox yaxın olduğu barədə qənaətə gəlinib və buna görə qabaqlayıcı tədbir görülüb. İran isə bunu təcavüz aktı adlandıraraq, cavab zərbələri ilə qarşılıq verir. Çərşənbə günü səhər saatlarında İran tərəfindən İsrailə iki raket dalğası atılıb, Tel-Əvivdə partlayış səsləri eşidilib.

Hazırda ABŞ birbaşa hücumlarda iştirak etməsə də, İsrailə raketlərin vurulmasında texniki yardım göstərir. 

Reuters xəbər verir ki, Pentaqon Orta Şərqə əlavə döyüş təyyarələri göndərib və bölgədəki hərbi mövcudluğunu gücləndirir.

İranın dövlət mediası yazır ki, minlərlə insan Tehrandan və digər böyük şəhərlərdən çıxmağa çalışır. Küçələrdə tıxaclar yaranıb, bəzi yollar bağlanıb. Münaqişənin böyüməsi ehtimalı əhalidə ciddi təşviş yaradıb.

ABŞ Prezidenti Donald Tramp isə bir neçə gün öncə sosial mediada "Biz Xameneinin harada gizləndiyini bilirik, hələlik onu aradan qaldırmayacağıq" kimi ifadələrlə çıxış etmiş və ardınca "UNCONDITIONAL SURRENDER!" (Qeyri-şərtsiz təslim olun!) çağırışı ilə diqqət çəkmişdi.

Trampın bu bəyanatlarına baxmayaraq, İran hərbi ritorikasını sərtləşdirib. Həm ABŞ-a, həm də İsrailə qarşı açıq xəbərdarlıqlar səslənir. Ekspertlər hesab edir ki, əgər ABŞ birbaşa əməliyyatlara qoşularsa, bu, təkcə regional yox, qlobal silahlı qarşıdurmaya çevrilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31