İran İsrailin Hermes-900 pilotsuz təyyarəsini vurdu – Müharibə başlayandan bəri ilk dəfə!

İranın hava müdafiə qüvvələri İsrailə məxsus yüksəktexnologiyalı Hermes-900 tipli pilotsuz uçuş aparatını (PUA) İsfahan vilayətinin ərazisində vurmağa nail olub. Bu, İsrail-İran müharibəsinin başladığı gündən bəri İranın bu səviyyədə ilk uğurlu dron müdaxiləsi kimi qiymətləndirilir.

Olaylar.az xəbər verir ki, İranın dövlət mediası - IRIB News və Esfahan vilayətinin rəsmi informasiya kanalları tərəfindən yayılan görüntülərdə vurulmuş pilotsuz təyyarənin qalıqları açıq şəkildə göstərilib. Kadrlarda dronun mühüm texniki detallarının, o cümlədən qanadlarının və burun hissəsinin yerə çırpıldığı əks olunur.

Hədəfə alınan PUA-nın Hermes-900 modeli olduğu qeyd olunur. Bu tip dronlar uzunmüddətli müşahidə, kəşfiyyat və hətta hücum missiyaları üçün istifadə edilir və İsrailin ən müasir pilotsuz sistemlərindən sayılır. Onun vurulması, İranın hava məkanını qorumaq qabiliyyətinin artdığını göstərir.

İran Müdafiə Nazirliyinə yaxın mənbələr bildirib ki, sözügedən dron "strateji məlumat toplamaq və İranın mərkəzi bölgələrində kəşfiyyat aparmaq" məqsədilə havaya qaldırılmışdı. Müdafiə sistemləri dronu vaxtında aşkarlayaraq, raketlə hədəfə alıb.

Sosial şəbəkələrdə və İranın rəsmi kanallarında yayımlanan fotolarda drona məxsus parçalanmış avadanlıq və kassa tipli sistemlər də görünür.

Qeyd edək ki, Hermes-900-lərin bu bölgəyə qədər nüfuz etməsi İsrailin İranın dərinliyinə qədər uzanan əməliyyat niyyətlərindən xəbər verir. Lakin bu dəfə İsrail kəşfiyyatı İran müdafiə qüvvələri ilə toqquşmadan qaça bilməyib.

Bu insident müharibənin miqyasının genişlənməkdə olduğuna və İsrailin İranın strateji ərazilərinə təzyiqlərini artırdığına dair yeni sübut kimi dəyərləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31